“Ermənistan cəmiyyəti artıq yalanlardan doyub” ŞƏRH

“Ermənistan mətbuatında yayılan təxribat xarakterli məlumatlar məqsədyönlüdür. Biz bilirik ki, Ermənistan hakimiyyəti müntəzəm olaraq daxili problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün tez-tez bu cür üsullara əl atır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistanın hazırkı şəraitdə cəbhədə təxribat etmək imkanına malik olmadığını deyən Politoloq söyləyib ki, bu baxımdan düşmən ölkə hazırda müxtəlif dezinformasiyalar yaymaqla insanların fikirlərini yayındırmağa çalışır: “Ermənistanı hakimiyyətinin indiki şəraitdə bu cür variantlardan istifadə etməsi çox gülüncdür. Çünki, Ermənistanda vəziyyət o qədər mürəkkəbdir ki, artıq insanlar belə dezinformasiyalara fikir vermir. Onlar başa düşürlər ki, belə informasiyaların kökündə hansı məqsədlər dayanır”.

İ. Vəlizadə qeyd edib ki, artıq 1 həftədən çoxdur ki, Ermənistanda davam edən etiraz aksiyalarına heç bir informasiya təsir edə bilməz: “Çünki, cəmiyyət Ermənistanın yalanların doyub və növbəti yalana inanmır. Vəziyyət o həddə çatıb ki, insanlar cəbhədəki vəziyyətlə bağlı yalanlara belə heç bir reaksiya vermir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar müxtəlif videolar yayılmaqdadır. Azərbaycan Müdafiə Nazirliyin verdiyi açıqlamaya görə, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Qeyd olunur ki, Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə