Politoloq: “Ermənistanda dəyişikliyin olacağı şübhəsizdir” AÇIQLAMA

“Nikol Paşinyanın həbsi qızışmış ehtirasları söndürə bilməyəcək. Prosesi yalnız repressiyalar dayandıra bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, dünən gecə meydanda nümayişçilərin sayının 200 min nəfərə çatdığı bildirilir: “Yerevanda siyasi vəziyyətin kritik olması göz qabağındadır. Avropa İttifaqı müxalifətə qarşı təzyiqlərə son qoymağı və həbs olunanların azadlığa buraxılmalarını tələb edir. Hələlik bəzi parametrlərə görə Paşinyan doğru yoldadır. Cəsarətlidir, istəklidir, xalqın dəstəyini əldə edə bilib, Qərb ona qarşı sorumsuz deyil.

Serj Sarkisyan Paşinyana görüş təklifi edərək xalq ayaqlanmasını sakitləşdirməyə çalışdı. Daha doğrusu xalqa nümayiş etdirmək istəyirdi ki, inandıqları lideri ayağına gətirib ram edəcək. Fürsətdən yararlanıb siyasi gediş edərək danışıqdan öncə kamera qarşısına çıxdı. Paşiyan isə Sarkisyanın məkrini anlayıb onunla yalnız istefa mövzusunu müzakirə edəcəyini bildirdi. Sarkisyan pərt vəziyyətdə 3 dəqiqədən sonra görüşü tərk etdi. Bundan sonra Paşinyanı həbs edərək öz gücünü nümayiş etdirməyə çalışsa da onu azadlığa buraxmağa məcbur olacaq.

Ermənistanın görkəmli elm adamları etiraz əlaməti olaraq kütləvi şəkildə fəxri adlardan imtina kampaniyasına başlayıblar. Kilsə nümayişçilərlə güc strukturları arasında sipər rolunu oynayır. Ermənistandan “məxməri inqilab” qoxusu gəlir. Prosesi yalnız repressiyalar dayandıra bilər. Sarkisyan buna gedəcəkmi, yoxsa xalqın təzyiqinə davam gətirməyərək istefaya gedəcək? Yaxın həftələrdə hər şey aydın olacaq. Xalq ayaqlanmaları repressiv yolla yatırılacağı təqdirdə yay aylarında daha güclü və qarşısı alınmaz proseslər gedəcək. Nəticə olaraq bir fakt var. O da Ermənistanda dəyişikliyin olacağı şübhəsizdir. Nikol Paşinyan Ermənistanın Saakaşvilisi ola biləcəkmi?”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə