Düşmənin təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvəsinin və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildiriblər: “Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə