Politoloq: “Ermənistan vəziyyətdən çıxmaq üçün təxribatlara əl atır” AÇIQLAMA

“Düşmən ölkənin yeni baş naziri Serj Sarkisyan elə düşünürdü ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra rahat şəkildə öz vəzifəsini icra edəcək. Lakin buna nail ola bilmədi. Artıq Ermənistanda vəziyyət nəzarətdən çıxıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Etiraz aksiyalarının artıq kütləvi hala çevrildiyini deyən politoloq söyləyib ki, əgər bu hal bir neçə gün davam edərsə, o zaman Ermənistanda vəziyyət daha da ağırlaşacaq: “Bildiyiniz kimi etiraz aksiyaları İrəvandan başqa ərazilərdə də geniş yayılmaqdadır. Əgər bu aksiyalar bir neçə gün də davam etsə, o zaman düşünürəm ki, Sarkisyan nəzarəti tamamilə itirəcək. Belə olan halda, yeni baş nazirin taleyi də həll olunacaq”.

Ermənistanda baş verənlərin cəbhədəki vəziyyətə təsirinə gəlincə, F. Sadıqov söyləyib ki, artıq düşmən ölkə təmas xəttində gərginlik yaratmağa cəhd edir.

Politoloq qeyd edib ki, Ermənistanda baş verənlərin fonunda təmas xəttində gərginliyin yaradılması gözləniləndir: “Çünki, Ermənistan hakimiyyəti çətin vəziyyətlərə düşdükdə, belə vasitələrə əl atmaqla insanların fikrini yayındırmağa çalışır. Bu baxımdan hazırda Ermənistan hakimiyyəti etirazçılara sübut etməyə çalışır ki, guya onlarda hakimiyyət zəiflədikdə Azərbaycan onları atəşə tutur, onlara qarşı təxribatlar törədir. Bu onların təbliğat maşının tərkib hissəsidir. Bu baxımdan düşmən ölkə artıq bu istiqamətdə fəaliyyətə başlayıb”.

Azərbaycan ordusunun bütün hadisələrə hazır olduğunu dilə gətirən F. Sadıqov əlavə edib ki, düşmən ölkənin təxribatlarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür, adekvat addımlar atılır.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən etiraz aksiyalarına başlanıb. Nümayişçilər Serj Sarksiyanın baş nazir təyin olunmasına etiraz edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə