Elxan Şahinoğlu: “Paşinyan təkbaşına ortaya güc qoydu” MÖVQE

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan hiyləgər gediş etdi. Əvvəlcə radikal müxalifətin lideri, deputat Nikol Paşinyanla neytral zonada - oteldə görüşə razılıq verdi, daha sonra bu görüşü televiziya ekranları qarşısında reallaşdırdı, görüşü yarımçıq tərk edərək dünya və Ermənistan ictimaiyyətinə mesaj yolladı ki, rəqibi qanunları saymır, ona qarşı ölçü götürüləcək. Artıq “ölçü” götürülüb, Paşinyan və onun deputat həmkarları həbs olunublar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bundan sonra Ermənistandakı hadisələr iki ssenari ilə gedəcək: “Birinci ssenari mitinqləri təşkil edən şəxs həbs olunduğundan mitinq və küçə yürüşləri getdikcə səngiyəcək, çünki polisə “vur” əmri də verilib. Sərkisyan insanları qətlə yetirmək hesabına belə hakimiyyətini qoruyacaq. İkincisi, Paşinyanın yerini əvəz edən tapılacaq və müxalifət birləşərək Serj Sərkisyana qarşı müqaviməti gücləndirəcək. Hadisələrin birinci ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırıram. Çünki, müxalifət Paşinyana ilk gündən dəstək vermədisə, indi onun boşalan yerini əvəz etməyə çalışmayacaq. Bu yol digər müxalifət liderlərini də Paşinyanın yanına – həbsə aparır. Bütün hallarda heç kimin gözləmədiyi halda Paşinyan təkbaşına ortaya güc qoydu və bu amil Serj Sərkisyana gələcəkdə yeni problemlər yaradacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə