Bəhruz Quliyev: “Prezidentin bütün sahədə islahatları dövlət idarəçiliyinə sistemli yanaşmadır” MÜNASİBƏT

"Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatların tərkibində məhz kadr və struktur islahatları da yer almaqdadır. Əlbəttə ki, bu islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır. Əgər bu amillər nəzərə alınmasa hər hansı bir uğurdan danışmaq çətin olar". Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarına münasibət bildirərkən deyib.

Media Qrupunun rəhbərinin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyub, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd edib. Ona görə də kadrların təyinatı məsələsi daim dövlət başçısının diqqət mərkəzində və marağında olub. Cənab Prezident demişdir ki, kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir və hər bir məmurun da bundan müvafiq nəticə çıxarması onun birbaşa vəzifə borcudur.

Bu baxımdan, kadr islahatları və bu islahatların dünyanın qlobal çağırışlarına cavab verməsi bilavasitə xalqa xidmət etmək meyarı üzərində qurulub. Kifayət qədər siyasi təcrübəyə malik olan nüfuzlu ictimai-siyasi xadim Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı bu kimi faktorları ehtiva etməkdədir. Ümumiyyətlə Azərbaycan Prezidentinin mükəmməl komanda formalaşdırması da bu kimi amillərə söykənməkdədir.

Eyni zamanda hər kəsə, o cümlədən mediaya açıq olan Novruz Məmmədov Azərbaycanın daxili və xarici siyasətinin aparılması istiqamətində irəli sürdüyü fikirləri diqqət mərkəzində olub. Bu həm də müstəqil Azərbaycan reallığının dünyaya təbliği və tanıdılması istiqamətində çox əhəmiyyətli bir məqamdır".

B.Quliyev əlavə edib ki, bütün fəaliyyəti boyu Ümummilli Lider Heydər Əliyev ideologiyasına dönməz əqidəsi ilə xidmət etmiş və edən Novruz Məmmədovun bu vəzifəyə təyinatı eyni zamanda Azərbaycanda kifayət qədər kadr potensialının olduğunun göstəricisidir: "Ümumiyyətlə dövlət idarəçiliyinin sistemləşdirilməsi funksiyasına nəzər yetirərkən biz cənab İlham Əliyevin hər zaman doğru və dəqiq seçim etdiyinin şahidi olmuşuq.

Biz də Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edir, qarşıda dayanan vəzifəsində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Xalqımız və dövlətimiz üçün xeyirli olsun".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə