Bakı güclərin mərkəzi rolunda ANALİTİK

NATO və Rusiya generallarının növbəti görüşü bu faktı bir daha təsdiq edir

Məlum olduğu kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfərə gələrək, NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, eyni zamanda ABŞ ordusunun generalı Kertis Skaparotti ilə görüşüb. Ali rütbəli həbrçilər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyəti, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər. Görüşdən öncə isə, Prezidenti İlham Əliyev ayrı-ayrılıqda NATO və Rusiya generallarının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

Bu arada daha bir xatırlatmanı edə bilərik ki, ötən ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel də Bakıda Valeri Gerasimovla görüş keçirmişdi. Həmin ilin fevralında isə, Valeri Gerasimov yenə məhz Bakıda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla bir araya gəlmişdi.

Bakı regional güc mərkəzi olaraq, geosiyasi baxışlarını uğurla tənzimləyir və bu tənzimlənmə siyasəti bu kimi görüşlərin təşkil olunmasına münbit şərait yaradır

Söz yox ki, dünya güclərinin Bakını görüş məkanı olaraq seçmələri ilk növbədə Azərbaycanın dünyanın qlobal məsələlərində öncül yerlərdən birini tutmasıdır ki, bununla yanaşı, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik amili də qeyd edilənlərin tərkib hissəsi olaraq nəzərə alınır. Həmçinin, rəsmi Bakının dünyadakı mövqeyi baxımından balanslı siyasət aparması da fövqəlgüclərin məhz Azərbaycanın paytaxtını seçmələrinə zəmin yaratmaqdadır. Ümumi götürdükdə isə, Bakı həm də regional güc mərkəzi olaraq, geosiyasi baxışlarını uğurla tənzimləyir və bu tənzimlənmə siyasəti əlbəttə ki, belə görüşlərin təşkil olunmasına münbit şərait yaradır.

Bir çox siyasi təhlilçilər öz şərhlərində bildirirlər ki, Rusiya, ABŞ və NATO komandanlarının Bakı görüşləri mövcud olan bir sıra problemlərin həlli baxımından ən mötəbər qərar hesab olunur. Yəni, rəsmi Bakının fövqəlgücləri bir araya gətirmək təşəbbüslərində yer alması, dialoq məkanı kimi qiymətləndirilməsi Azərbaycanın regionda güvəniləsi bir ölkə olduğunu isbat edir. Belə olan halda, Qarabağ münaqişəsi kimi problemin ədalətli həllində beynəlxalq dəstəyin qazanılması daha çox mümkün görünməkdədir. Daha dəqiq desək, ölkəmizin müsbət mənada dünyanın diqqət mərkəzinə çevrilməsi Qarabağ məsələsinin ərazi bütövlüyümüz çərçivəsində həll olunması faktoruna təkan verməkdədir.

Rusiyalı hərbi təhlilçilər: "Bu kimi görüşlər Bakıda gələcəkdə də davam edəcək"

Bu arada, Rusiyanın Müdafiə Nazirliyi yanında İctimai Şurasının üzvü, tanınmış hərbi ekspert və politoloq İqor Korotçenko Bakıda baş tutan NATO-Rusiya görüşünü qiymətləndirərkən deyib ki, Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişli meydançadır. Azərbaycanın güclü silahlı qüvvələrinin olması da burada rol oynayır".

Rusiyalı hərbi ekspertn sözlərinə görə, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: "O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərindəki ümumi gərginlikdir. Hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və 3-cü Dünya müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır. Fikrimcə, tərəflər Ukrayna və Suriya münaqişəsini, habelə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi kontekstində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunacaqlar".

Digər rusiyalı hərbi ekspert Viktor Litovkin də sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən xatırladıb ki, Rusiya və NATO generallarının Bakıdakı görüşləri ilk dəfə deyil və bu kimi görüşlər gələcəkdə də davam edəcək.

"Generalların Bakıda görüşməsində əsas səbəb, məncə, Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir"-deyə qeyd edən Litovkin ikinci səbəb kimi Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasını göstərib: "Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır"

Beləliklə, bir daha əminliklə qənaətə gələ bilərik ki, Azərbaycan, onun paytaxtı Bakı beynəlxalq dialoq məkanı olaraq, bütün dünyada yüksək etimadlar qazanır, o cümlədən, təşəbbüskar mərkəzə çevrilir. Bu amil isə ölkəmizin dünya miqyasındakı artan nüfuzuna daha böyük stimullar verməklə, etibarlı tərəfdaş və söz sahibi statusunu möhkəmləndirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə