Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir" AÇIQLAMA

“Azərbaycanda xüsusi təbəqə hesab edilən şəhid ailələrinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim Azərbaycan Prezidentinin siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Uzun müddətdir bu hərbi əməliyyatlar zamanı həlak olan və itkin düşən şəxslərin ailələri mövcud vəziyyətlə bağlı kompensasiya gözləyirdilər. Bu baxımdan Dövlət başçısının fərmanı təkcə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli ilə bağlı deyil, eyni zamanda ölkəmizdə vətənpərvərliyin, mənəvi dəyərlərin yüksəlməsi, həmçinin hazırda sərhədlərimizi müdafiə edən əsgərlərimiz və onların yaxınlarının əhval-ruhiyyəsinin artırılması baxımından da əhəmiyyətlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, adətən bu tipli qərarlar seçki ərəfəsində alınır.

Onun sözlərinə görə, lakin Azərbaycan Prezidenti məhz seçkilərdən sonra belə bir fərman imzalamaqla bir daha göstərdi ki, ölkəmizdə şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına olan münasibət hansısa kampaniya ilə bağlı deyil, ümumilikdə Dövlət başçısının, dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir.

“Düşünürəm ki, bu, Azərbaycanda hərbi vətənpərvərlik ruhunun daha da artmasına kömək edəcək bir qərardır. Hər şeydən öncə biz bilirik ki, bu qərarların arxasında maliyyə vəsaitləri şərti var. Əgər Azərbaycanın dövlət büdcəsi buna imkan verməsə, iqtisadiyyatımız inkişaf etməsə bu cür addımlar atmaq mümkün olmaz. Dünyada gedən iqtisadi böhranlara baxmayaraq, Azərbaycan Prezidentinin 2014-cü ildən sonra iqtisadi islahatlarla bağlı atdığı addımlar öz nəticəsini verib. Azərbaycanın büdcəsində kəsir yoxdur. Ölkəmizin büdcəsi bu cür problemləri həll edəcək qədər güclü büdcədir”, - deyə H. Babaoğlu qeyd edib.

Bu cür addımların Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından da vacib olduğunu deyən Milli Məclisin deputatı söyləyib ki, bütövlükdə bu qərar Azərbaycan prezidentinin xüsusi diqqət tələb edən kateqoriyaya aid olan insanlara olan münasibətinin bir daha göstəricisidir: “Bu həm də bundan sonra atılacaq addımların xəbərçisidir. O mənada ki, 2018-ci il prezident seçkilərindən sonra Dövlət başçısı seçilən İlham Əliyevin ilk fərmanı məhz sosial problemlərin həlli ilə bağlı oldu. Biz buna istinadən söyləyə bilərik ki, önümüzdəki 7 il müddətində bu vaxta qədər olduğu kimi sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə