Əflatun Amaşov: “Azərbaycan xalqı ünsürlərin cavabını layiqincə verdi” AÇIQLAMA

“Ümumiyyətlə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, seçkilər ərəfəsində və s. anti-ünsürlər Azərbaycana qarşı müxtəlif vasitələrə əl atırdılar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

MŞ sədrinin sözlərinə görə, Azərbaycanı istəməyən, ölkəmizin uğurlarına sevinməyən, Azərbaycanı inkişaf etməmiş ölkə kimi göstərən ayrı-ayrı qüvvələr, siyasi mərkəzlər ani bir vəziyyətdə fəaliyyətə düşürdülər: “Onlar Azərbaycana qarşı “təzyiq” metodlarını işə salırdılar. Təbii ki, burada müəyyən xarici qüvvələr maraqlıdır ki, ölkəmizə daha çox təzyiq etsinlər, güzəşt qoparsınlar. Bundan bizim mənfur qonşumuz ermənilər də kifayət qədər bəhrələnirlər. Ermənilər Azərbaycana qarşı təzyiq edən tərəflərə hər zaman dəstək olublar. Çox təəssüf ki, Azərbaycanı istəməyən anti-ünsürlər də həmin mərkəzlərin əlində bir alətə çevriliblər. Onların bəziləri bilərəkdən bəziləri isə bilməyərəkdən kimlərinsə əlində oyuncağa düçar olublar. Hətta bu kimi hallar Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsi, İlk Avropa Oyunları, İslam Həmrəliyi Oyunları zamanı da olub. Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri zamanı onlar haqlı cavablarını aldılar. Onlar müxtəlif yollara hətta söyüş ritorikasına əl ataraq Azərbaycan dövlətinə, rəhbərliyinə, xalqına qarşı çirkin kampaniya aparırdılar. Bu ünsürlər çalışırdılar ki, dövlətimizi ruhdan salsınlar, iqtidar komandası arasında ayrı-seçkilik, inamsızlıq yaratsınlar.

Bütün bunlara baxmayaraq onların cavabını Azərbaycan cəmiyyəti, xalqı layiqincə verdi. Mən deyərdim ki, hər bir vətəndaş özünün mövqeyini göstərdi. Həmin ünsürlərin kimlərinsə əlində silah olmaları gözlərində qaldı. Azərbaycan xalqı bir daha özünün iradəsini göstərdi. Bu gün ölkə xalqı özünün inandığı, ümid bəslədiyi rəhbərinə öz səsini verdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə