Politoloq: “Partiya liderliyi uğrunda yeni yarış başlayacaq” ŞƏRH

“Türkiyədə ötən dəfəki prezident seçkisində nə MHP lideri Dövlət Baxçalı, nə də CHP lideri Kamal Kılıçdaroğlu namizədliyini irəli sürdü. Bunun sadə səbəbi var idi. Onlar bilirdilər ki, AKP lideri və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məğlub olacaqlar. Məğlubiyyətdən sonra isə partiya liderliyindən istefa verməli idilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, istefa verməmək üçün ikisi birlikdə prezidentliyə İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürdülər: “Ekmələddin İhsanoğlu Ərdoğana məğlub oldu və siyasi meydandan çəkildi. Bu məğlubiyyət Kamal Kılıçdaroğlunu partiya liderliyindən istefadan xilas etdi. Çünki özü məğlub olmamışdı. İndi isə durum fərqlidir.

Kamal Kılıçdaroğlu bu dəfə də namizədliyini isrəli sürməsə, bu həm onun, həm də partiyasının nüfuzunu daha da aşağı salacaq. Əgər CHP lideri bu dəfə də özünün yerinə bir başqasının namizədliyini irəli sürməyə çalışsa onun Ərdoğandan çəkindiyi açıq-aşkar üzə çıxacaq. CHP funksionerləri də Kamal Kılıçdaroğlunun Ərdoğanla yarışmasının vacibliyini bildirirlər. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, CHP-lilər Kamal Kılıçdaroğlunun bəhanə axtarmasını istəmir və liderlərinin Ərdoğanla başbaşa yarışmasını istəyirlər. İkinci səbəb partiya daxilindəki müxalifətin Kamal Kılıçdaroğlunun liderliyinə son qoymasını istəmələridir. Çünki özünə hörmət edən lider məğlubiyyətdən sonra istər-istəməz istefa verməlidir. Bundan sonra isə partiya liderliyi uğrunda yeni yarış başlayacaq.

Elə Azərbaycanda da bəzi müxalifət liderləri məğlub olmamaq üçün adətən prezidentliyə başqa namizəd axtarırlar. Ancaq məğlub olan partiya liderinin də istefa verdiyini az gördük. İstefa vermək istəməyinin bəhanəsi də bəllidir: “Mən qələbə çalmışam, seçki kütləvi şəkildə saxtalaşdırılıb”. 25 ildir bunu eşidirik, hələ 7 il də eşidəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə