Aydın Hüseynov: "Prezidentin yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir"

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindəki dərin məzmunlu nitqində ölkəmizin inkişafı, hədəfləri ilə bağlı mühüm mesajlar verdi. Bu fikri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-iqtidar birliyinin, xalqımızın dövlət başçısına olan böyük etimad və sevgisinin növbəti parlaq təcəssümüdür. Heç də təsadüfi deyil ki, xalqımızın milli mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməllərini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən lider kimi onun seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş edib. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində xalqımızın dəstəyini hər zaman hiss etdiyini söyləyərək bu dəstəkdən güc aldığını bildirib. Dövlətimizin başçısı xalqımızın dəstəyinə arxalanaraq ən çətin situasiyalarda belə milli maraqlarımızı çox cəsarətlə, qətiyyətlə qoruyur. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ölkəmizin sabitliyini, təhlükəsizliyini, müstəqilliyini qoruyan ən mühüm faktorlardan biridir. Prezident qeyd etdi ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və həyata keçirilən siyasətdir. Ona görə, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində ötən 15 ildə ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri bir daha dəqiq şəkildə ifadə etdiyini vurğulayan Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib, respublikamızda bütün azadlıqlar təmin edilib. Ölkəmizin demokratik inkişaf yoluna diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, bu 15 ildə Azərbaycan dövləti siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin edib. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Prezident qeyd etdi ki, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. 2003-cü ildən bəri keçilən inkişaf yolu iqtisadi sahədə də mühüm uğurlarla zəngindir. Azərbaycanda ən ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günədək ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti və böyük idarəetmə səriştəsi sayəsində inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 15 illik şanlı və zəngin tarixi hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

“Bu illər ərzində Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft iqtisadiyyatının isə 2,8 dəfə artması düşünülmüş praqmatik siyasətin nəticəsidir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş tədbirlər sayəsində ölkəmizdə sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu hesabına Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Şübhəsiz ki, bütün bu məqamlar Prezidentin nitqində aydın şəkildə öz əksini taparaq ölkəmizin mövcud reallıqları və inkişafının real mənzərəsini ifadə etdi.

Prezident İlham Əliyev andiçmə mərasimində gələcək 7 ildə ölkəmizin hədəfləri, qarşıda duran məqsədlər haqqında da ətraflı məlumat verərək bir daha bəyan etdi ki, Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq. Bu 7 ildə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək, eyni zamanda, bu günə qədər görə bilmədiyimiz işlər başa çatdırılacaq. Bu işlər nəticəsində isə Azərbaycan daha qüdrətli dövlətə çevriləcək”, - deyə A.Hüseynov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə