Xalq-iqtidar birliyi radikalizmi və dağıdıcılığı rədd edir! SİYASİ TƏHLİL

Prezident İlham Əliyev: “Milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi”

Sirr deyil ki, seçkilər ərəfəsində bir sıra anti-milli ünsürlər Azərbaycanda mövcud olan sabitlik və inkişafa, demokratik mühitə var gücləri ilə kölgə salmağa, bununla Azərbaycanın düşmənlərinə yarınmağa cəhdlər də göstərirdilər. Lakin xalq-iqtidar birliyinin sarsılmaz mövcudluğu belə satqınların ayaq açıb yürümələrinə imkan vermədi. Ümumiyyətlə, radikal müxalifətin dağıdıcılıq və xəyanətkar mövqeləri heç vaxt xalq tərəfindən dəstəklənməyib və bu gün özlərini “lider” adlandıranlar, bu dırnaqarası “status” vasitəsilə siyasi divident qazanacaqlarını düşünənlər də yaxşı dərk edirlər ki, onların utopik düşüncələri sadəcə və sadəcə xam xəyallar məhsuludur.

Adlarını “ana müxalifət” qoyub, anti-Azərbaycan dairələrinə satılanlar duşdükləri quyularını daha da dərinləşdirərək, özlərinə siyasi məzar qazmış oldular

Bu kimi faktların təhlillərini apararkən, biz növbəti dəfə şahidi oluruq ki, Azərbaycanın inkişafı və tərəqqisi yönündə, xalqının daha firavan yaşaması, davamlı uğurların əldə edilməsi istiqamətində öndərlik edəcək şəxs məhz ölkə Prezidenti Cənab İlham Əliyevdir. Onun liderliyi əsasında dövlətimiz bütün maneələri aşaraq, istər regionda, istərsə də dünyada ən ali mövqeyini sərgiləməkdədir. Adlarını “ana müxalifət” qoyub, anti-Azərbaycan dairələrinə satılanlar isə əksinə, duşdükləri quyularını daha da dərinləşdirərək, özlərinə siyasi məzar qazmış oldular.

Prezident: “Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır”

Andiçmə mərasimindəki çıxışında bu kimi amillərə də toxunan Prezident İlham Əliyev deyib: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Beləliklə, bütün faktlar ortadadır və marginallaşmış ünsürlər siyasi səhnədən silinməkdədirlər. Müstəqil Azərbaycanın və xalqının qarşısındakı mənzərə isə daha güclü inkişaf, daha firavan həyat və daha qüdrətli dövlət faktorudur ki, artıq bu amil özünü növbəti dəfə aprelin 11—də təsdiqləmiş oldu!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə