Ehtiyatda olan polkovnik: "Prezidentin fərmanı orduya göstərilən diqqətin bariz nümunəsidir" ŞƏRH

“Azərbaycan Prezidentinin hərbi əməliyyatlar zamanı həlak olan və itkin düşən şəxslərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərmanı Prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu addım Dövlət başçısı İlham Əliyevin orduya göstərdiyi diqqətin bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Ölkə başçısının fərmanını yüksək qiymətləndirən ehtiyatda olan polkovnik hərbi əməliyyatlar zamanı həlak olan və itkin düşən şəxslərin ailələrinin müavinətlərinin təmin olunması ilə bağlı məsələlərin tez bir zamanda icra olunacağına əminliyini ifadə edib: “Bildiyiniz kimi, Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib. Sözügedən fərman da bu tədbirlərin davamıdır. Həqiqətən də yuxarıda sadalanan ailələrin bu müavinətə ehtiyacı var idi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin fərmanı bu ailələrin də bir sıra problemlərinin həllinə imkan yaradacaq”.

C. Xəlilov qeyd edib ki, ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu 15 il müddətində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib: “Bildiyiniz kimi, Azərbaycan prezidenti hər zaman Qarabağ şəhidləri, böyük vətən müharibəsi iştirakçılarının mənzil, maşınla təmin olunması, onların sosial şəraitinin yaxşılaşdırılması, pensiyalarının artırılması, illik birdəfəlik müavinətlərin verilməsi məsələlərinə hər zaman diqqət edib. Bunun nəticəsidir ki, MDB məkanında böyük vətən müharibəsi iştirakçılarına ayrılan ən böyük müavinət məhz Azərbaycandadır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə