Fransa mətbuatı: "Sarkisyan hakimiyyətdə qalmaq üçün hər şey etməyə hazırdır"

Ermənistanda baş verən etiraz aksiyaları xarici KİV-lərin də diqqətindən yayınmır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın “Libération” qəzeti də baş verənlərə biganə qalmayaraq, Ermənistanda xalqın hakimiyyətə qarşı etirazına yer ayırıb. Belə ki, qəzetdə dərc olunan yazıda bildirilir ki, 2008-ci ildən hakimiyyətdə olan bir şəxslə bağlı günlərdir gedən etirazlara baxmayaraq həmin şəxs ölkənin baş naziri təyin edilib.

Yazıda Ermənistanın müxalifət deputatı Nikol Paşinyanın fikirləri də yer alıb: “Ermənistan üçün görünməmiş hadisə: bir və eyni şəxs, üç dəfə ardıcıl olaraq ölkəni idarə etmək istəyir”.

Yazıda bildirilir ki, həftənin çərşənbə axşamı günü Ermənistanın paytaxtında 10 min insanın iştirakı ilə etiraz mitinqi keçirilib. Lakin əhalinin narazılığı görünür 63 yaşlı Sarkisyanın baş nazir seçilməsinə mane ola bilməyib.

Yazıda Sarkisyanın iki prezidentlik dövründə hakimiyyəti əlindən verməməsi istiqamətində bütün addımlar atdığı bildirilir: “Onun hakimiyyətdə qalması ilə bağlı ssenari əvvəlcədən yazılmışdı. Belə ki, keçmiş prezident özünü varis gördüyü üçün 2015-ci ildə Konstitusiya dəyişiklik edərək, Ermənistanı prezident rejimindən parlament rejiminə keçirtdi. 2017-ci ildə qüvvəyə minən dəyişiklik əsasında da Sarkisyan hökumətin başında qalmaq üçün özünü baş nazir təyin etməyə məcbur etdi”.

Qəzetdə dərc olunan məqaləyə görə, edilən etirazlar vəziyyəti tam dəyişməyə imkan verməsə də, ümumilikdə bu cür mitinqlər işin gedişatını dəyişmək üçün müsbət rola malikdir.

Yazılanlara görə, ermənilər mövcud hakimiyyətə qarşı mənfi münasibətdədirlər. Lakin Sarkisyan və onun partiyası insanlara başqa mümkün seçim olmadığını düşünürlər. Amma Sarkisyan və partiyası onlara başqa bir seçimin olmadığını düşünməyə məcbur edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə