“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.

SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, millət vəkilləri və ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, konfransda milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.

M.Qurbanlı deyib ki, Azərbaycan milli mənəvi dəyərlərinə yad ünsürlərin təsirlərinin qarşısını birlikdə almalıyıq: “Bu gün qloballaşan dünyada böyük dövlətlərin mədəniyyətinin kiçik dövlətlərin mədəniyyətini təsir altına alması baş verir: “Ona görə də milli mənəvi dəyərlərimizin qorunması vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə müxtəlif dövlət qurumları birgə fəaliyyət göstərir”.

Komitə sədri bildirib ki, milli mənəvi dəyərlərin qorunması hər bir vətəndaşın, hər bir valideynin borcudur: “Valideynlər öz övladlarına milli mənəvi dəyərlərimizi aşılamalıdır. Yəni, hər birimiz milli mənəvi dəyərlərimizi qorumalıyıq”.

Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub: “Bu gün bir çox müsəlman ölkələrində problemlərin kökündə xarici təsirlər dayanır. Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində buna nail ola bilməyiblər və bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.

C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev din sahəsinə böyük qayğı göstərir. O bildirib ki, Azərbaycana kənar təsirlərin qarşısının alınması yalnız dövlətin vəzifəsi deyil, din xadimləri də bu məsələdə həssas olmalı və daha diqqətli fəaliyyət göstərməlidirlər: “Belə olan halda biz daha güclü olacağıq”.

"Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev diqqətə çatdırıb ki, bu gün hər bir xalqın, millətin fərqli, özünəməxsus mənəvi dəyərlər sistemi mövcuddur: “Hər millətin öz dili, folkloru, mədəniyyət abidələri, ədəbiyyat və incəsənəti, musiqisi, elmi, düşüncə tərzi, adət-ənənələri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülərək, onun milli kimliyini müəyyən edən başlıca amilə çevrilir. Bu mənada Azərbaycan xalqı dünya xalqları içərisində ən zəngin mənəviyyatlı xalqlar sırasındadır”.

B.Quliyev əlavə edib ki, dövlətin apardığı siyasətə dəstək olmaq bizim borcumuzdur: “Hesab edirəm ki, Mənəvi Dəyərlərin Təbliği Fondu çox pozitiv bir enerji ilə fəaliyyətə başlayıb. Bu Fondun ilk iclasıdır. Bizim gələcəkdə tədbirlər planı və müxtəlif istiqamətlər üzrə atılacaq addımlarımız var. Hesab edirəm ki, bunların hər biri ümumilikdə milli dəyərlərin qorunmasında stimul olacaq. Mənəvi Dəyərlərin Təbliği Fondu tək maliyyə dəstəyi ilə deyil, eyni zamanda mənəvi dəstəklə, tövsiyyə ilə də müxtəlif işlər görməsi hədəflərimizdə var. Əminəm ki, buna nail olacayıq”.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Prezident yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova mövzu ətrafında çıxış ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə