Politoloq: “MHP lideri Türkiyəni niyə erkən seçkiyə aparır?” MÖVQE

“MHP lideri Dövlet Bahçeli bu gün partiyasının qrup toplantısında “növbədənkənar (avqustun 26-da) prezident və parlament seçkisi keçirilməlidir” deməklə Türkiyəni şoka salıb”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, burada iki variant mümkündür: “Bahçeli ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Bahçeli bu açıqlamanı cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Bahçeli cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Bahçeli Ərdoğanla razılaşdırmadan cümhurbaşqanını fakt qarşısında qoyubsa, bu, MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər.

Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlet Bahçelinin hesabları yanlış çıxa bilər. Bir dəfə Bahçeli eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Bahçeli isə onun birinci yardımçısı idi. İqtisadiyyat ağır günlərini yaşayırdı, ancaq Ecevit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Bahçeli qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Bahçelinin işlər yaxşılığa doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Bahçeli yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə