Konstitusiya Məhkəməsinin iclası başlayıb

Aprelin 11-də keçirilmiş Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası başlayıb. SİA-nın verdiyi məlumata görə, iclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilir. İclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, seçkilərlə bağlı ümumi məlumat veriləcək.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə