Millət vəkili: “Ölkənin valyutası öz qüvvəsində qalır və güclənir" MÜSAHİBƏ - SƏS TV

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamovun SİA-ya müsahibəsi:

- Azər müəllim, son günlər dolların bahalaşacağı, manatın isə ucuzlaşacağı ilə bağlı xəbərlər gündəmə gəlib. Sözsüz ki, bu da cəmiyyətdə ajiotaj yaradır. Bu xəbərlərin bir əsası varmı?

-Təbii ki, bu informasiyaların heç bir əsası yoxdur. Çünki Azərbaycanda bugünün iqtisadi reallıqları onu deməyə əsas verir ki, ölkəmizdə manatın ucuzlaşma ehtimalı yox dərəcəsindədir. Biz artıq üç ayımızı yola saldıq. Birinci rübün sosial-iqtisadi yekun göstəricilərinə nəzərə salanda manatın taleyi haqqında fikir yürütməyimizə də imkan yaranır. Çünki görürük ki, üç ay ərzində Azərbaycanın iqtisadiyyatı 2,3 faiz artıb. Qeyri-neft iqtisadiyyatı 3,1 faiz, sənaye 2 faiz, qeyri-neft sənayesi 10 fazi artıb. Təbii ki, bu böyük göstəricidir. Beləki qeyri-neft sənayenin artması o deməkdir ki, burada artıq istehsal prosesinə başlanılıb. Yeni rəqabətqabiliyyəti və ixracyönümlü mallar istehsal olunur. Bu da özünü ölkənin ixracında göstərib. Azərbaycanın üç ay ərzindəki ticarət dövriyyəsi 31 faiz artıb. Bununla belə ixracımız da birinci rüblə müqayisədə 24 faiz artıb. Qeyri-neft ixracımız 37 faiz artıb. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatının neftdən asıllığı aradan qalxır və qeyri-neft sektoru öz inkişaf dövrünü yaşayır. Əgər bizim qeyri-neft ixracımız ötən ilin birinci rübü ilə 37 faiz artıbsa və ümumi ixracımız 24 faiz artıbsa bu o deməkdir ki, ölkəmizə gələn valyutanın miqdarı da bu qədər faizlə artıb. Çünki hər bir ixrac olunan məhsulun arxasında ölkəyə qayıdacaq valyuta dayanır. Bu da ölkəmizin valyuta ehtiyatını, rezervini yəni ölkə ərazisindəki valyuta həcmini artırır. Belə bir valyutanın artdığı dövrdə hər hansı bir dolların qalxacağı, manatın ucuzlaşacağı ilə bağlı fikirlər yürütmək absurddur. Ümumilikdə götürəndə ölkədə inflyasiya 4 faizi keçməyib. Amma bununla paralel olaraq əhalinin pul gəlirləri 10 faiz artıb. Bu da öz-özlüyündə imkan verir ki, inflyasiyanın 4 faizdə qalması gələcək dövr üçün də bir startdır. Turistlərin sayı ötən illə müqayisədə birinci rübdə 12,5 faiz artıb. Bildiyiniz kimi ölkəmizə gələn turistlər də əlavə bir valyutadır. Belə bir sabit, dinamik inkişaf edən, iqtisadiyyatı olan ölkənin milli valyutasının devalvasiyaya uğraması, qiymətdən düşməsi təhlükələri artıq geridə qalmış olur.

Sual yarana bilər ki, bəs 2015-ci ildə manat necə oldu ki, qüvvədən düşdü? Bildirmək istəyirəm ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı sırf neftin üzərində formalaşmışdı. Ona görə də dünyada baş verən siyasi hadisələrin təsiri nəticəsində dünya bazarlarında, birjalarında neftin qiyməti kəskin düşdü. Bizim iqtisadiyyatımız da neftin üzərində formalaşdığına görə manatımıza ciddi təsir göstərdi və manat uculaşmağa başlamışdı. Ancaq hal-hazırkı dövrdə isə 2015-ci ildən fərqli olaraq Azərbaycan iqtisadiyyatının neftdən asıllığı aradan götürülmək üzrədir. Bütün bunlar onu deməyə imkan verir ki, manatın bu gün qüvvədən düşəcəyi haqqında fikir yürütmək absurddur.

- Azərbaycan neftinin qiymətinin artması manatın xarici valyutalara qarşı dayanıqlığını gücləndirə bilər?

- Əlbəttə ki, gücləndirə bilər. Bu gün sevindirici haldır ki, neftdən asılı olmayaraq Azərbaycan manatının arxasında istehsal dayanır. Hər hansı bir ölkənin milli valyutasının arxasında istehsal, məhsul, mal dayanırsa, o ölkənin valyutası öz qüvvəsində qalır və güclənir. Bundan əlavə bizim neftimiz milli sərvətimizdir. Neftin qiyməti dinamikdir və sabit olaraq qalır. Neftin qiymətinin artması isə ölkəmizə əlavə valyutanın gəlməsinə şərait yaradır. Birinci rübdə ölkəmizin valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları keçmişdir. Bu çox böyük bir göstəricidir. Çünki neftin qiymətinin artması bizim valyuta ehtiyatlarımızı çoxaltmaqla həm də ki, manatın möhkəmliyinin qorunmasında bir təhlükəsizlik yastığı kimi rezervdir. Neftin qiyməti sabitdir və bizim ölkəmizə gələn valyutanın miqdarını artırır. Eynilə biz iqtisadiyyatımız əlavə sərmayələr də cəlb edirik. Çünki birinci rübdə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə yatırılıb. Bu yatırılan sərmayə də Azərbaycana gələn əlavə dollar mənbəyidir. Bu da Azərbaycanda tədavülə gedir və əlavə dollar kütləsinin yaranmasına şərait yaradır. Bütün bunları nəzərə alanda konkret şəkildə qeyd etmək olar ki, manat öz qüvvəsində qalacaq və ilin sonuna qədər azalmağa yox əksinə möhkəmlənə bilər.

- Yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Sonradan aidiyyatı qurumlar bu iddiaları yalanladılar. Bu xəbərləri yaymaqda məqsəd nədir və bu kimi informasiyalar məzənnəyə təsir göstərirmi?

- Təbii ki, göstərə bilməz. Yəni hər bir yalnış informasiya yayan şəxs o informasiyanı müəyyən məqsədlə yayır. Yəni ölkədə ajiotaj yaratmaq, dollara tələbatı süni şəkildə artırmaqla insanların fikirlərini dəyişə bilərlər. Amma reallıq odur ki, bütün kommersiya bankları, bütün banklar öz fəaliyyətini davam etdirir və heç bir bankda dollara məhdudiyyət yoxdur. Hər bir vətəndaş nə qədər istəyirsə o qədər də dollar ala bilər. Amma burada bir məsələ var ki, birinci rübdə əhalinin əməkhaqqları, pensiyaları cənab Prezident İlham Əliyev tərəfindən artırılmışdır. Əhalinin əlində cəmləşən gəlirlərin də miqdarının 10 faiz artması belə bir məlumatı eşidən vətəndaşın öz-özündə düşünmədən gedib birbaşa dollar almaqla rezervini dollarda saxlamağa üstünlük verir. Burada təşvişə düşməyə heç bir ehtiyac yoxdur. Çünki manat öz qüvvəsindədir və bundan sonra da öz qüvvəsində qalacaq. Ola bilsin ki, ilin sonunda manatın gücü dollara nisbətən daha da güclənsin.

- Aprelin 11-də Azərbaycanda Prezident seçkiləri keçirildi və xalq öz seçimini etdi. Cənab İlham Əliyev yenidən dövlət başçısı seçildi. Yeni dönəmdə ölkəmizi hansı yeni iqtisadi, uğurlu layihələr gözləyir?

- Cənab İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycan xalqının iradəsinin ifadəsi idi. Çünki bizim xalqımız ağıllı, uzaqgörən və reallığı dəyərləndirə bilən bir xalqdır. Cənab Prezidentin hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan böyük bir inkişaf yolu keçmişdir. Bu inkişaf yolunu bəzi ölkələr heç yüz illərlə keçə bilməyib. Bu gün Azərbaycan reallıqları onu deməyə imkan verir ki, cənab Prezidentin rəhbərliyi altında ölkəmizi gələcək illərdə böyük inkişaf gözləyir. Əgər son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 238 milyard dollar investisiya qoyulubsa və 15 il ərzində ölkəmizin valyuta ehtiyatları 1,8 milyard dollardan 44 milyard dollara çatıbsa və eynilə investisiya qoyulması ilə paralel olaraq ehtiyatlarımızı artıra bilmişiksə, bu gün Azərbaycan vətəndaşının sosial rifahı dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşlarının sosial rifahına bərabərləşirsə, dünyanın beynəlxalq reytinq təşkilatları tərəfindən Azərbaycanı inküliziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerdə görürlərsə bu böyük bir nailiyyətdir. Təbii ki, bu nailiyyətlərə cənab İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. Qarşıdan gələn illərdə isə bizim yola saldığımız illərdə başladığımız islahatlar davam etdiriləcək. Çünki 2017-ci ilin yanvarın 1-dən milli iqtisadiyyat və iqtisadiyyatın əsas aparıcı 11 sektoru üzrə “Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb. Bu “Strateji Yol Xəritə”lərinin demək olar ki, müəyyən olunmuş dövr üçün hədəflərinin icrası 2018-ci ilin yanvarından özünü göstərməyə başlayıb. Bu da bizim iqtisadiyyatımızda özünü əks etdirir. Bu “Strateji Yol Xəritə”ləri 2020 və 2025-ci ilə qədər hesablanıb. Təbii ki, ondan sonrakı dövr üçün də müəyyən hədəflər müəyyənləşib. Bu hədəflərin yüksək səviyyədə icra olunması, hədəflərə çatmağımız ümumiyyətlə Azərbaycanın yeni bir inkişaf mərhələsinin yaşanması deməkdir. Cənab Prezidentin uzaqgörən siyasəti ondadır ki, Azərbaycanın mərkəzi ilə regionları arasında fərq aradan götürülür, ölkəmizin iqtisadiyyatı şaxələndirilir. Bu gün sənayemiz, kənd təsərrüfatı sürətli inkişaf mərhələsindədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə