Politoloq: “Ankara Bakıdan yeni ideyalar gözləyir” ŞƏRH

“Türkiyənin bölgədəki rolu getdikcə artır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib”. Bunu SİA-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycana qardaş dövlət və strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir: “Hazırda Türkiyə-Azərbaycan strateji müttəfiqliyi ilə bağlı ən çox müzakirə olunan suallar aşağıdakılardır:

1. Türkiyə ilə Rusiya arasında əməkdaşlıq getdikcə artır, siyasi və iqtisadi əlaqələr genişlənir. Türkiyə ilə Rusiya tarixdə olmamış qədər bir-birinə yaxındırlar. Türkiyə və Rusiya prezidentləri ildə bir neçə dəfə görüşürlər. Rusiya Türkiyədə dəyəri 20 milyard dollar civarında atom elektrik stansiyasının tikintisinə başlayıb. Rusiya Türkiyəyə S-400 raketləri satacaq. Tarixdə ilk dəfə Rusiya NATO üzvü dövlətə bu cür silah növü satır. Digər tərəfdən iki ölkə Suriyada əməkdaşlıq edirlər. Bütün bunları nəzərə alaraq Azərbaycanda ən çox gündəmə gətirilən suallardan biri budur: Türkiyə-Rusiya strateji tərəfdaşlığının yaxın perspektivdə Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsiri ola bilərmi?

2. Türkiyə-Rusiya-İran üçlüyü Suriya ilə yanaşı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilərmi?

3. Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi?

4. Türkiyə ilə Azərbaycan arasında konfederasiya qurula bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bu suallara aydınlıq gətirmək üçün bir həftə Ankarada oldu, Türkiyə parlamentində və Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçirdi, suallara cavab tapmağa çalışdı. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, ayrıca, türkiyəli alim və siyasi ekspertlərlə də görüşərək fikir mübadiləsi apardı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyə parlamentində 3 partiyanın – Ədalət və İnkişaf Partiyasının, Milliyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının 15-ə yaxın deputatı ilə görüşdü. Ən maraqlısı odur ki, daxili və xarici siyasət məsələlərində bir-birini kəskin tənqid edən partiyalar və deputatlar Azərbaycan və Dağlıq Qarabağ məsələsində faktiki eyni mövqedən çıxış edirlər. Əsas fikir bundan ibarətdir: Türkiyə həmişə Azərbaycanın yanında olmalı və Azərbaycanın haqlı maraqlarını qorumalıdır.

Deputatların suallara cavablarını bu şəkildə qruplaşdırmaq olar:

- Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməyə çalışmalıdır;

- Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar;

- Rusiya-Türkiyə ittifaqını pozmağa çalışan qüvvələr var. Bu ittifaq dağılmasa, Suriya ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Türkiyə-Rusiya ittifaqı iradə ortaya qoyarsa, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll oluna bilər;

- Ankara Moskvanı inandırmalıdır ki, Qarabağ münaqişəsi həll olunmadan bölgədə sabitlik olmayacaq;

- Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə qoşulmağa çalışmalıdır.

Dağlıq Qarabağın işğaldan azad olunması Türkiyəni Afrini terrorçulardan təmizlənməsindən daha çox sevindirər;

- Əgər Rusiya Azərbaycana silah satmaq istəməsə, Bakının müraciəti əsasında Türkiyə Azərbaycana silah sata bilər, bundan başqa Azərbaycana logistik dəstək də verə bilər;

- Türkiyə enerji məsələsində Rusiyadan çox Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, TAP və TANAP boru xətlərinin tikintisini sürətləndirmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan qazı Rusiya qazından daha tez Türkiyəyə və Cənubi Avropaya çatsın.

Beləliklə, türkiyəli deputatların fikirlərindən bu qənaətə gəlmək olar ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirməyə hazırdır. Deputatlar “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin sualları üzərinə Suriya probleminin həllini gözləmədən də Türkiyənin Rusiya qarşısında Qarabağ məsələsinin həllini qaldırmasının mümkünlüyünü vurğuladılar. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir.

Türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədirlər. Deputatlar onu da vurğulayırlar ki, Rusiyasız bu münaqişəni həll etmək mümkün deyil, çünki Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Türkiyəli deputatlar Azərbaycanın gücləndiyini, Ermənistanın isə kasıblaşdığını, ayrıca bütün layihələrdən kənar qaldığını və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağını fikrindədirlər. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğana ən yaxın deputatlardan biri bu mövzudakı fikrini belə yekunlaşdırdı: “Kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır”.

Türkiyəli depuatların Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı dəqiq fikri yoxdur. Buna baxmayaraq, bəzi deputatlar Bakının hərbi baza ilə müraciətinə “yox” deməyəcəklərini də bildirdilər. “Türkiyə Azərbaycanla konfederasiya yarada bilərmi və ya yaratmalıdırmı” sualına da eyni cavab verildi: “Azərbaycan Türkiyə ilə nə qədər çox yaxınlaşmaq istəsə, biz Bakının bu təklifinə “yox” deməyəcəyik. Bu qərar Azərbaycana bağlıdır”.

Doğrusu, konfederasiya ideyasını Azərbaycanda da səsləndirənlərin sayı çox deyil. Ancaq türkiyəli deputatlar və diplomatlar konfederasiya mövzusunun gündəmdə qalmasının əleyhinə olmadıqlarını da dedilər. Bu onun üçün vacibdir ki, Rusiyaya güvənən işğalçı Ermənistan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu anlasın. Yəni Ermənistan təxribat yaradıb Rusiyanı da Azərbaycana qarşı hərbi həmləyə sürükləyərsə, 1990-cəı illərin əvvəllərindən fərqli olaraq Türkiyə hökuməti və ordusu buna seyrçi qalmayacaq. Konfederasiya ideyası və ya Türkiyə-Azərbaycan hərbi ittifaqı mövzusu İrəvanla yanaşı Moskvaya da mesaj olmalıdır.

Bu arada, vaxtilə Türkiyə ilə Ermənistan arasındakı dialoqun və protokolların ideya müəlliflərindən biri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinə bunları bildirdi: “Biz Ermənistanı Rusiyanın və erməni lobbisinin təsirindən qurtarmaq üçün İrəvanla dialoqa başladıq. Ancaq ən böyük səhvimiz bu dialoq barədə rəsmi Bakıya kifayət qədər məlumat verməməyimiz idi. Bu prosesi doğru həyata keçirmədik. Ermənistanla dialoqda Azərbaycanın da iştirakını təmin etməli idik. Alınmadı. Ona görə də İsveçrədəki protokollar işləmədi”.

“Atlas ” Araşdırmalar Mərkəzinin rəhbəri eyni mövzuda Türkiyə Xarici İşlər Nazirliyində də görüşlər keçirdi. Görüşlərdə Nazirliyin ilk beşliyində yer alan diplomatlar var idi. Diplomatlarla söhbətlərdən və sual-cavabdan gəlinən nəticə aşağıdakı kimidir:

1. Türkiyə praqmatik baxımdan Rusiya ilə yaxşı münasibətlər qurmağa məcburdur. Ancaq bu münasibətlər strateji deyil, taktiki xarakter daşıyır. Yaxınlaşma 3 səbəbdən baş verib. Birinci səbəb odur ki, Rusiyanın və Türkiyənin Qərblə münasibətlərində gərginlik var və eyni dərd Moskva ilə Ankaranı yaxınlaşdırıb. İkinci səbəb odur ki, Türkiyə və Rusiya Suriyada əməkdaşlıq edir. Üçüncü səbəb isə iki ölkə arasındakı yaxın qonşuluq münasibətlərini davam etdirməsiylə bağlıdır. Yəni Türkiyə-Rusiya birliyi əbədi olmaya da bilər, Rusiyada da Türkiyə ilə əməkdaşlığa taktik birlik kimi baxırlar. Ona görə də Moskva Ankaranın “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” yanaşmasını qəbul etməz. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə müsbət yanaşmayaraq deyib ki, “bu məsələ mürəkkəbdir”. Elə ona görə də bu cavabı Soçidə alan Ərdoğan son Ankara görüşündə Putinlə Qarabağla bağlı fikir mübadiləsi aparmağa ehtiyac duymadı. Çünki bilib ki, Putindən eyni cavabı alacaq. Rusiya Ermənistanı təsir dairəsində saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək istəmir. Buna baxmayaraq, münaqişə Rusiyasız həll olunmayacaq. Bu da mövcud reallıqdır. Ona görə də Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın;

2. Rəsmi Bakı Azərbaycan-Türkiyə-Rusiya formatı təklif etmişdi. Türkiyəli diplomatların sözlərinə görə, Moskva ümumilikdə bu ideyanı qəbul etsə də, cavabı bugünə qədər verməyib. Ümumiyyətlə, türkiyəli diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun siyasətindən və açıqlamalarandan rahatsızdırlar. Ancaq maraqlı gedişat ola bilər. Hazırda Türkiyə-Azərbaycan-Ukrayna üçlüyü üzərində iş gedir. “Atlas” Araşdırmalar Mərkəzi bu ideyanı iki il əvvəl irəli sürmüş və bu ideya Ukrayna Xarici İşlər Nazirliyində bəyənilmişdi. Yaxın aylarda bu 3 dövlətin prezidentləri (Rəcəb Təyyub Ərdoğan, İlham Əliyev və Petro Poroşenko) bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək və Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq;

3. Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllini sürətləndirməyəcəyi fikrindədirlər. Yeni model axtarılmalıdır. Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul edə bilər. Yəni əgər Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlılarn təhlükəsizliyinə cavabdeh ola bilərlər. Əlbəttə, bu münaqişənin sonrakı mərhələsində reallaşa bilər. Ancaq Ankarada bu mövzunu da müzakirə etməyə hazırdılar. Ancaq bunun üçün təşəbbüskar yenə rəsmi Bakı olmalıdır.

4. Türkiyə diplomatları ona da inanırlar ki, Dağlıq Qarabağda müharibə başlayarsa Ermənistan bütün sərhədboyu təxribat yaratmağa çalışacaq ki, prosesə Rusiya da qarışsın. Ona görə də Ankara müharibənin necə risqli olduğunu və Bakının bu məsələdə bütün çətinliklərini anlayır.

Beləliklə, Ankara əvvəlki tək Azərbaycanın problemlərinə diqqətlə yanaşır. Buna baxmayaraq, Suriya Türkiyənin əsas xarici siyasət və təhlükəsizlik mövzusudur. Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb. Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz. Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir.

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Türkiyəyə rəsmi səfər edəcək. Bu iki qardaş dövlət və strateji müttəfiq arasında yaxşı ənənə halını alıb. Azərbaycan və Türkiyədə hər seçkidən sonra prezidentlər ilk səfərlərini bir-birlərinə edirlər. Ankara İlham Əliyevin səfərinə hazırdır. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və enerji əlaqələri inkişaf edir. Ancaq Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin inkişafı üçün daha çox iş görülə bilər. Bunun üçün iki ölkə arasındakı müxtəlif nazirliklər arasındakı işçi qruplar tez-tez görüşməli və yeni ideyaların reallaşmasına çalışmalıdırlar. “Türkiyə Qarabağla bağlı daha nə edə bilər” sualı daha çox azərbaycanlı rəsmiləri, deputatları, diplomatları və ekspertləri düşündürməli və təkliflər Ankaraya çatdırılmalıdır. Ankara Bakıdan Qarabağla bağlı təkliflər gözləyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə