Politoloq: “Bizim məqsədimiz işğalçını zəiflətməkdir" ŞƏRH

“Mən Türkiyədən yeni qayıtdım. Ankarada həm rəsmilərlə, həm də millət vəkilləri, diplomatlarla çox vacib görüşlərim oldu. Onlar Azərbaycanın Ermənistana təsir siyasətini bəyənirlər və bunu doğru yol adlandırırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“O baxımdan ki, bizim məqsədimiz işğalçını zəiflətməkdir və onu regional layihələrdən təcrid etməkdir. Bu baş verdikcə də Ermənistan kasıblaşır. Kasıblaşdıqca isə Ermənistan əhalisinin hakimiyyətinə qarşı narazılığı artır. Təbii ki, bu narazılıq Yerevandakı mitinqlərdə də özünü göstərir. Bu vəziyyət Ermənistanda uzun müddət davam edə bilməz. Onlar bir yol tapmalıdırlar. Bu yol isə gərək işğalçı dövlət Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoysun. Buna son qoymaq üçün isə işğal altında olan torpaqları azad etməlidir. Amma mən indiki Ermənistan hakimiyyətinin belə bir addım atacağını düşünmürəm. Odur ki, rəsmi Yerevanda qarşıdurma getdikcə artacaq”-deyə, E.Şahinoğlu fikirlərini tamamlayıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar. Polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb edirlər.

Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...