Xalqın qınağı və xəyanətkar damğası TƏHLİL

Sivil yollarla, etik normalarla, qəbul edilmiş qaydada, qanun çərçivəsində aparılan siyasi mübarizə ictimaiyyət tərəfindən normal qarşılanır və hətta qanunla müdafiə də olunur. Beynəlxalq təcrübəyə müraciət etsək, görərik ki, dünya dövlətlərinin əksəriyyətində siyasi mübarizənin bu forması mövcuddur və bu mübarizə də, öz növbəsində, cəmiyyətin, dövlətçiliyin inkişafına və insanlığa xidmət edir. Demokratik inkişaf yolu seçmiş Azərbaycan etik normalar və qanun çərçivəsində aparılan siyasi mübarizəyə, demokratik dəyərlərə, söz və ifadə azadlığına geniş spektrdə yer verib, insanların hüquq və azadlıqları qorunur.

Qeyri-etik davranışlara münasibət bildirilməli, qınanılmalı və qarşısı alınmalıdır

İnsanların hüquq və azadlıqlarının qorunması təqdirəlayiq olmaqla yanaşı, sui-istifadə edərək, bu dəyərlərin qanunsuzluq müstəvisinə daşınması da yolverilməzdir. Söz və ifadə azadlığı adı altında qarşı tərəfin şərəf və ləyaqətinin təhqir olunması, alçaldılması, qeyri-etik davranışlar qəbuledilməzdir və bu qanunsuz əməllər Azərbaycan Respulikası Konstitusiyasının müvafik maddələri ilə tənzimlənir. Azərbaycanın dövlət atributlar, simvolları, vətəndaşlarının şərəf və ləyaqəti qanunla, qanunvericiliklə mühafizə olunur və bu normaların pozulması halları müvafiq qanuni cəza tədbirlərinin tətbiq edilməsini tələb edir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin, xalqın milli-mənəvi maraqları, əxlaqi dəyərləri qorunur və bundan sonra da bu dəyərlərin mühafizə edilməsi ən prioritet məsələ hesab olunur.

İctimaiyyət, Azərbaycan ziyalıları, müvafiq qurumlar qeyri-etik davranışların, söyüş və təhqirlərin qarşısının alınmasına səy göstərməli, ələlxüsus, bu qanunsuz hərəkətlərin mətbuat səhifələrinə, sosial şəbəkələrə, virtual müstəviyə daşınmasına qarşı münasibət bildirməli, ciddi şəkildə qınanılmalıdır. Etik normalar çərçivəsinə sığmayan hərəkətlər, söyüş və təhqirlər Azərbaycan xalqının mənəvi dəyərlərinə, mental düşüncəsinə ziddir və bütün bunların ənənə halına çevrilməməsi üçün həyəcan təbili çalmağın zamanıdır. Qeyri-əxlaqi çağırışlar, təhqirlə müşayyiət olunan polemikalar, şərəf və ləyaqətin alçaldılmasına yönələn ifadələr heç də ifadə azadlığı, söz azadlığı anlamına gəlmir, etik normaların pozulması və qanunsuzluq kimi dəyərləndirilməlidir.

Mühacirdən əxlaq normalarına sığmayan davranışlara son qoymaq tələb olunur

Saxta sənədlərlə və qanunsuz yollarla Azərbaycanı tərk etmiş, əcnəbi ölkələrdə məskunlaşmış bir sıra mühacirin uzun müddətdir ki, əxlaq normalarına sığmayan davranışları ictimaiyyət üçün sirr deyil və heç də normal qarşılanmır. Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış və mühacir həyatı seçmişlərin təhqir və söyüşlə müşayyiət olunan davranışlarına ictimaiyyət tərəfindən sərt reaksiya verilir, tərbiyədən, etikadan kənar hərəkətlərinə son qoyulması tələb olunur. Lakin göründüyü kimi tərbiyəsizliyə son qoymaq imkanında olmadıqları bəlli olur və aydın olur ki, heç bir intellekt, bilik və təcrübə tələb etməyən qeyri-əxlaqi hərəkətlərdən başqa heç nəyə qadir deyillər.

Əxlaqi dəyərlərə hörmətlə yanaşmaq təklif edildiyi zaman və etik normalar müstəvisinə dəvət edildiyi zaman, tərbiyədən kənar davranış şərgiləyənlər bundan bərk ürküb və indi də yeni bir şər planlaşdırılır. Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Orduxan Teymurxan kimi mühacirlər indi də Azərbaycan hakimiyyətinin onları öldürməyi planlaşdırdığını iddia etməklə, artıq şayələrdən də istifadə etmək qərarındadırlar. Amma bu şayələrin də mənasız olduğunun və inandırıcı olmadığının fərqində deyilllər. Əks-halda, bu şayəni də dövriyyəyə buraxmazdan əvvəl, nəzərə almalı idilər ki, Azərbaycan hökumətinə qarşı şər və böhtan kampaniyaları, həqiqətə uyğun olmayan şayələrdən istifadə edənlər heç bir nəticə əldə edə bilməyib və ölkəmiz bu təxribatçılara qarşı heç zaman aqressiv reaksiya verməyib. Soros fondu və Sorosun özü kimi dünyaca məşhur bir şər simvolunun əks-təbliğatına, yaydığı şayələrə məhəl qoymayan dövlət hər küçədən keçən bir neçə çarəsiz, kiminsə əlinə baxan mühacirin şayiəsindən ehtiyatlanacağınımı düşünürlər?

Orduxanların, mirzəlilərin yeni şayələri də istehza ilə qarşılanır

Arqumentin olmadığı zaman şər və böhtanlardan, əsassız şayiələrdən istifadə etmək heç bir zaman müsbət nəticə verməyib. Həqiqətə uyğun olmayan istənilən mülahizə, yalan ifadə şər və böhtan hesab olunur, yayılması şayiə kimi qiymətləndirilir və bu baxımdan orduxanların, mirzəlilərin öldürüləcəyinin planlaşdırılması şayiəsi də cəmiyyətdə istehza ilə qarşılanır. Bir halda ki, Azərbaycanın mövqeyinə zidd olan, dövlətçiliyə qarşı qanunsuz əməllər törətmiş istənilən mühacirin, hətta mühacir olmayan əcnəbi ölkə vətəndaşının belə ekstradisiya edilərək, Azərbaycana gətirilməsi və qanunla mühakimə edilməsi mümkündürsə, bu şayiələr nə dərəcədə inandırıcı görünə bilər? Azərbaycan demokratik dəyərlərə qiymət verən və qanunlara istinad edən sivil dövlətdir və cəzalandırılması tələb olunan şəxslər qanunla mühakimə edilir və barələrində konstitusiyanın müvafiq maddələri tətbiq olunaraq, cəza tədbirləri həyata keçirilir.

Vətənə xəyanət edən kəslər təkcə konstitusiya, məhkəmə və qanun müstəvisində deyil, ictimaiyyət qarşısında, Azərbaycan xalqının önündə də cavab vermək məcburiyyətindədirlər. Azərbaycanı nüfuzdan salmaq istəyənlər, milli maraqları, dövlətçiliyi, dövlət atributlarını və simvollarını təhqir edənlər tezliklə, məhz Azərbaycan cəmiyyətinin qarşısında cavab verəcəklər. Unutmamaq lazımdır ki, xalqın öz qınağı, satqınlara ünvanladığı xəyanətkar damğası, əslində, ən böyük cəzadır.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə