İlham Quliyev: “Hər kəs Əli Həsənovun çağırışına səs verməlidir” MÜNASİBƏT

“Bu çirkin kampaniyanı başlayanlar hiss etməlidirlər ki, onların təklif etdiyi yolu özlərindən, pullarını verən başıpozuqlardan başqa heç kim dəstəkləmir”. SİA-nın verdiyi məlumata görə, bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev özünün “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycanın siyasi arenası heç vaxt bu qədər iyrəncləşməyib: “Müstəqillik əldə etdiyimiz zamandan bəri siyasi mübarizə həmişə bəlli etik çərçivələrdə aparılıb. Kimlərsə bu çərçivələri aşmağa çalışıbsa cəmiyyət dərhal həyəcan siqnalını işə çalıb və xəbərdarlıq mexanizmi işə düşüb. Hətta bizim radikal adlandırdıqlarımızla dialoq dilimiz də etik normaları aşmayıb. Son günlər isə xaricdə oturub Azərbaycandakı siyasi proseslərdə iştirak etmək niyyətində olanlar bu düzəni pozmağa, siyasi leksikona küçə söyüşləri, qeyri - etik ifadələr gətirməyə başlayıblar.

Bu, kifayət qədər təəssüfedici, ürəkbulandıran mənzərədir. Sual yaranır - bu adamlar nə etmək istəyirlər? Təbii ki, məqsəd məlumdur. Ölkə daxilindəki sabitliyi poza bilməyənlər, proseslərə təsir imkanlarını itirənlər indi bu yola - söz terroruna keçiblər. Belə bir şəraitdə Azərbaycan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov dalbadal statuslar paylaşaraq nə baş verdiyini izah etməyə, başlanan çirkin kampaniyanın hansı məqsədə xidmət etdiyini göstərməyə çalışıb. Belə baxsaq, Əli Həsənovun təmsil etdiyi hakimiyyətin imkanları bu çirkin kampaniyanı aparanların imkanları ilə müqayisəyə belə gələ bilməz. Buna baxmayaraq, o, bir dövlət adamı, ölkənin media siyasətinə rəhbərlik edən şəxs kimi bu kampaniyaya qoşulanları, xarici ölkələrin xüsusi xidmət orqanlarının əlində alət olanları düşdükləri yoldan çəkindirməyə çalışıb. Düz də edib.

Səhv yolda olanları ilk növbədə düşdüyü doğru olmayan yoldan çəkindirmək lazımdır. İctimaiyyəti, bu oyunları oynayanların toruna düşməməyə çağırmaq vacibdir. Əli müəllim də məhz bunu edib. Hamımız bilməliyik ki, bu adamların Suriyanı qarış-qarış şumlayan, İraqı xarabaya çevirən, Əfqanıstanı onilliklər boyu qan gölü edənlərdən heç bir fərqləri yoxdur. Bu adamların məqsədi ölkə insanlarını bir-biri ilə üz-üzə qoymaq, mübarizəni dava-dalaş, söyüş müstəvisinə keçirmək, yaranacaq qarışıqlıq fonunda məqsədlərinə nail olmaqdır. Təbii ki, onların məqsədlərinə nail olmaq imkanları çox deyil. Amma istənilən halda, bu ölkənin gələcəyini düşünən, özünün, övladlarının sivil, demokratik, təhlükəsiz Azərbaycanda yaşamasını istəyən hər bir fərdi Əli müəllimin bu çağırışına səs verməli, mövqe nümayiş etdirməlidir.

Siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətdə nüfuzu olan, sözü eşidilən hər bir şəxs açıq şəkildə ifadə etməlidir ki, bu cür mübarizə yolverilməzdir! Bu çirkin və tərbiyəsiz kampaniyanı başlayanlar hiss etməlidirlər ki, onların təklif etdiyi yolu özlərindən, pullarını verən başıpozuqlardan başqa heç kim dəstəkləmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə