Seçki bülletenlərinin çapına başlanılıb YENİLƏNİR

Bu gündən aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılıb. SİA-nın verdiyi məlumata görə, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə