Əli Həsənov: “İnsanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır”

“Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov Facebook səhifəsində yazıb. Onun fikrincə, son iki gündə sosial şəbəkədə sözügedən istiqamətdə sağlam polemikaların qurulması da belə deməyə əsas verir ki, dialoq yaxşı nümunənin başlanğıcıdır: “Hesab edirəm ki, son iki gündə Facebook səhifələrində bu istiqamətdə müşahidə olunan dialoq yaxşı nümunənin başlanğıcı hesab oluna bilər. Ən son olaraq, Tapdıq Fərhadoğlunun “Amerikanın səsi” radiosunun Bakı bürosu üçün hazırladığı materialı da qənaətbəxş təşəbbüs kimi dəyərləndirmək lazımdır”.

“Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, bu üsuldan istifadə edənlərin mənəvi və əxlaqi dəyərlərdən yetərincə uzaq düşdüyünü nümayiş etdirir”-deyə statusuna davam edən Əli Həsənov həmçinin qeyd edib ki, virtual məkan öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan, insanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır: “Axı cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünya görüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var”.
Prezident köməkçisi statusunun sonunda sağlam və kollektiv mühitin bərqərar olması üçün müzakirələrə qoşulmasının zəruriliyini xüsusilə qeyd edib: “Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcəkdir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə