Elxan Şahinoğlu: “Ermənistanın narahatlığının səbəbi var” MÖVQE

“İzlədiyim erməni saytlarından gəldiyim qənaət budur ki, Türkiyə ordusunun Suriyadakı qələbələrindən yaman narahatdırlar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Afrinlə kifayətlənməyəcək, irəriləməkdə davam edəcək, növbədə hətta İraq ərazisində əməliyyatların keçirilməsi planı var: “Bu baxımdan Ermənistanın narahatlığı anlaşılandır. Türkiyə quru sərhədi olan bir ölkədə - Suriyada hərbi əməliyyat keçirir, o birisində - İraqda belə bir hərbi əməliyyatı planlaşdırır, digər quru sərhəddi olan Ermənistan isə qara-qara düşünür ki, daha sonra növbə kimə çata bilər? Ermənistan Rusiyaya arxayın olsa da, İrəvan Ankara-Moskva dialoqundan və razılaşmalardan da ciddi narahatlıq keçirir.

Bölgədə yaranan bu vəziyyətdən biz də istifadə etməyi bacarmalıyıq. Birincisi, Türkiyə ordusunun uğurları fonunda Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var. Bu anlaşma hərbi ittifaqı yeni bəndlərlə gücləndirmək mahiyyəti daşımalıdır. İkincisi, elə bu ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Naxçıvanda və cəbhə bölgəsinə yaxın ərazidə keçirilməsi də işğalçıya ciddi mesaj olardı. Üçüncüsü, Azərbaycanın Afrinin yenidən qurulmasına, o cümlədən infrastruktur çalışmalarında iştirakı arzuolunandır. Əlbəttə, bunun üçün Ankaranın Bakıya müraciəti vacibdir və mənə elə gəlir ki, Bakının arzusu olarsa, Ankara bu müraciəti gecikdirməz. Bu da iki ölkə arasındakı hərbi ittifaqın gücləndirilməsinə xidmət edər, həm də bizə gələcəkdə azad olunan torpaqlarımızda infrastrukturun yenidən qurulması məsələsində gərəkli təcrübə qazandırar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə