MSK üzvü: "Seçkilərin keçirilməsindən ötrü tam demokratik şərait yaradılıb" MÜSAHİBƏ-YENİLƏNİB - SƏS TV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovun SİA-ya müsahibəsi:

- İlham müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Azərbaycanda keçiriləcək prezident seçkilərinə müvafiq olaraq seçkilərə məsul olan dövlət orqanı Mərkəzi Seçki Komissiyası (MSK) artıq ilk gündən fəaliyyətə başlayıb. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq səsvermənin təşkil edilməsindən ötrü lazım olan bütün tədbirlər bugünkü günə kimi həyata keçirilib. Təbii ki, bundan sonra da MSK-nın “Tədbirlər Planı”na və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq qarşıda duran bütün tədbirlər həyata keçiriləcək. Dairə seçki komissiyalarının (DSK) və məntəqə seçki komissiyalarının fəaliyyəti elan olunan gündən artıq başlayıb. Bu il prezident seçkiləri ilə bağlı seçici siyahılarının vaxtından əvvəl təsdiq olunması, seçici siyahıları ilə bağlı olan işlər və s. hamısı həm DSK, həm də məntəqə seçki komissiyalarının birgə fəaliyyətini tələb edirdi. Bu işlə əlaqədar olaraq müvafiq dövlət qurumlarının da fəaliyyətini qeyd etmək lazımdır. Ümumilikdə onu demək istərdim ki, bu gün artıq məntəqə seçki komissiyaları səsverməni keçirməyə tam hazırdır.

Artıq qanunvericiliyin tələbinə müvafiq olaraq gözlənilən müddətlər ərzində bülletenlərin, protokolların çap edilməsi və dairələrə, məntəqələrə çatdırılması kimi proseslər gedir. Onu da qeyd etmək istərdim ki, MSK-nın qərarına əsasən 1000 min seçki məntəqəsində veb-kameralar quraşdırılır. Artıq səsvermə günü Azərbaycan təcrübəsi kimi qəbul edilən veb-kameralar vasitəsilə onlayn (online) sistemində səsvermə prosesini izləmək mümkündür. Bundan irəli gələrək demək istəyirəm ki, veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir. Texniki-təchizat məsələsi bu seçkilərlə bağlı olaraq yüksək səviyyədə təşkil olunub və dairə, məntəqə seçki komissiyaları lazımi bütün texniki vasitələrlə təmin edilir.

- Namizədlərin qeydə alınması prosesi başa çatdı, artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Bu haqda sizin fikirlərinizi almaq istərdik.

-Seçki Məcəlləsinin tələblərinə əsasən namizədlər qeydə alınandan sonra seçkinin ikinci mərhələsi olan təşviqat dövrü başlayır. Bildiyiniz kimi bu ilin martın 19-da Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və püşkatma müəyyənləşdirildi. Bu püşkatma ilə prezidentliyə namizədlər ödənişsiz efir vaxtından istifadə etməklə öz təbliğatlarını aparmaq hüququna malikdirlər. Artıq onlar bu təşviqata başlayıblar. Seçki Məcəlləsinin tələbinə əsasən təşviqat efir vaxtı həm ödənişli, həm də ödənişsiz olur. Amma Azərbaycan dövlətinin böyüklüyü, cənab İlham Əliyevin uğurli siyasətinin nəticəsində namizədlərə ödənişsiz efir vaxtı verilir. Bundan əlavə onu da qeyd etmək istərdim ki, yerlərdə seçicilərlə bağlı olaraq görüşlərin keçirilməsi, namizədlərin öz siyasi platformasının seçicilərə çatdırılması kimi məsələlər də artıq öz həllini tapıb. Bununla belə müvafiq icra orqanları tərəfindən artıq qapalı və açıq yerlərdə görüşlərin keçirilməsindən ötrü məkanlar müəyyənləşib. Təbii ki, bu da bərabərhüquqluğun tam təmin edilməsindən ötrü atılmış bir addımdır. Onu da qeyd etmək istərdim ki, təkcə televiziya vasitəsilə yox, həm də ödənişsiz efir vaxtı olaraq radio ilə də prezidentliyə namizədlər və yaxud onların səlahiyyətli nümayəndələri öz seçkiqabağı təşviqatlarını aparırlar. Qeyd olunduğu kimi bugünlərdə bayramlar olmasına baxmayaraq artıq təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bu proseslər İctimai televiziya və radio vasitəsilə həyata keçirilir.

-Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı maarifləndirmə tədbirlərini necə həyata keçirir?

- MSK seçkilər elan olunan gündən artıq maarifləndirmə işlərinə start verib və bu maarifləndirmə işləri geniş vüsət alıb. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Dairə Seçki Komissiyası (DSK) sədrləri ilə MSK-da müvafiq dövlət orqanlarının rəhbərləri səviyyəsində seminar-müşavirə keçirilib, həmçinin DSK-nın ekspert qruplarının üzvlərinin üç günlük seminarı təşkil edilib, DSK üzvləri içərisindən olan treninq qruplarının məşqçi simasında maarifləndirilməsindən ötrü seminarlar təşkil edilib, MSK ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib. Təbii ki, gələcəkdə də müəyyən maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Artıq DSK məntəqə seçki komissiyalarına səsvermə günü iş qaydaları ilə bağlı olaraq treninqlər keçirirlər. Gələcəkdə digər tədbirlərdən biri də polislə bağlı olacaq. MSK-nın gördüyü bu maarifləndirici işlərin nəticəsidir ki, bugünkü gündə artıq qeyd etmək olarki prezident seçkilərinin əsas mərhələsi olan namizədlərin qeydə alınmasında, digər tədbirlərin həyata keçirilməsində heç bir problem yaşanmamışdır.

- Azərbaycanda demokratik seçkilər üçün əlverişli şərait mövcuddur. Bəs siz bu görülən işləri necə qiymətləndirirsiniz?

-Bu gün cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq Azərbaycanda istənilən seçkilərin keçirilməsindən ötrü tam demokratik şərait yaradılıb. Dövlət tərəfindən vətəndaşlarımızın konstitusion hüququ olan seçib-seçilmək hüququnun həyata keçirilməsindən ötrü lazım olan bütün şərait yaradılıb. Azərbaycan həmin ölkələrdəndir ki, DSK-nın ayrıca inzibati binaları mövcuddur. Eləcə də məntəqə seçki komissiyaları yeni təmir edilmiş yerlərdə və yaxud yeni tikilmiş binalarda müasir dövrün tələblərinə cavab verən məkanlarda yerləşirlər. Bundan əlavə texniki-təchizat o qədər yüksək dərəcədə təmin edilib ki, artıq bizim seçicimiz üçün rahat şəkildə gəlib səsverməkdən ötrü heç bir problem yoxdur. Bu gün istər dövlət tərəfindən, istərsə də MSK tərəfindən görülən bütün işlər hamısı onu sübut edir ki, hörmətli seçicimiz gəlib demokratik şəraitdə öz səsini versin.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə