MSK Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirə keçirib YENİLƏNİB-FOTOLAR - VİDEO

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələr davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Prezident seçkiləri ilə bağlı maarifləndirmə proqramı çərçivəsində bu gün növbəti layihə - Mərkəzi Seçki Komissiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə seminar-müşavirəsi keçirilib. Komissiyanın inzibatı binasında baş tutan tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkilinə dair məsələlərə həsr olunub.

MSK sədrinin müavini Natiq Məmmədovun və səhiyyə nazirinin müavini Elsevər Ağayevin açılış nitqləri ilə başlayan seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin nümayəndəsi tərəfindən səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları, habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları barədə məruzələr edilib və təqdimatlar keçirilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar-müşavirə mövzu ilə əlaqədar müxtəlif məsələlər ətrafında müzakirələrlə davam edib, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə