"Azərbaycanda seçicilərin öz iradəsini sərbəst ifadə etmək imkanı var"

Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur”. SİA-nın verdiyi məlumata görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, hər hansı seçkinin keçirilməsi üçün bir sıra şərtlərin təmin olunması vacibdir. Onun sözlərinə görə, bunlardan biri ölkədə siyasi sabitlikdir ki, Azərbaycanda da möhkəm əsaslara malik sabitlik mühiti hökm sürür.

“Digər tərəfdən, Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb. Bütün proseslərin şəffaf olması üçün müşahidəçilik institutundan geniş istifadə edilir. Seçkilərdə namizədlərə bərabər imkanların təmin olunması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması da prosesin demokratikliyini və ədalətli olacağını göstərir. Bu gün Azərbaycanda hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar var”, - deyə Sevinc Fətəliyeva qeyd edib. (yap.org.az)

Bütün xəbərlər Facebook səhifəmizdə