Müstəqil Azərbaycan Cümhuriyyət qurucularının bütün arzularının reallığıdır ANALİZ

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamı imzalamaqla xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasətinə də sadiqliyini göstərdi

"Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır". Müstəqilliyimizin əbədiliyi naminə fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyevin bu sözləri sələflərimizə, keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinə, fədakarlığına, Vətən yanğısına verilən dəyər, gələcək nəslə tariximizə və keçmişimizə sahib çıxmaq tövsiyəsidir. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamı imzalamaqla xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasətinə də sadiqliyini göstərdi.

Doğrudur, AXC cəmi 23 ay yaşadı. Bu müddətdə 5 dəfə yaranan hökumət daxili ziddiyyətlər, çəkişmələr və təbii ki, Azərbaycanın neftinə sahib çıxmaq istəyən xarici qüvvələrin təsiri ilə istefa vermiş və yenidən qurulmuşdu. Təkrar olunan mürəkkəb siyasi hadisələr dövründə yaranan demokratik respublikanın dövlət, hökumət orqanları istənilən səviyyədə fəaliyyət göstərə bilməsələr də üzərlərinə düşən tarixi missiyanı bacardıqları qədər yerinə yetirmiş, Azərbaycan xalqının dövlətçilik tarixinə parlaq səhifələr yazmışdılar. 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməyə məcbur olduğu üçün fəaliyyətlərinə xitam verilmişdi.

Bu respublikanın yaranması və az müddətdə də olsa, yaşaması Azərbaycan xalqının dövlətçilik tarixinin unudulmaz səhifələrindəndir. AXC xalqın yaddaşında qalmaqla dövlət müstəqilliyi əldə etmək yolunda və demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. AXC bir çox dəyərli işlər görmüş, Azərbaycanı müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır. Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu hökumətin fəaliyyətini davam etdirməyə imkan verməmişdir. Rusiyada baş verən inqilablar, keçmiş imperiya ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərən "qızıl ulduzlular" Azərbaycanda onları dəstəkləyən qüvvələrlə birləşərək, yeni yaranan AXC hökumətində və parlamentdə ziddiyyətlər törədərək, respublikanın süqutuna nail oldular.

Hökumətin qəbul etdiyi İstiqlal Bəyannaməsində göstərilən sərhədlərin müəyyənləşdirilməsi, daxili əksinqilab və xarici irticaya qarşı mübarizə, milli ordunun yaradılması, diplomatik münasibətlərin formalaşması istiqamətində önəmli isalahatlar aparıldı. Hökumətin xarici siyasəti müəyyənləşdirildi, Parlamentdə müxtəlif partiyaların təmsilçiliyi kimi vəzifələr yerinə yetirildi. Vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olundu, sosial ədalətsizliyin zərərli nəticələri aradan qaldırıldı. Ən böyük çətinlik isə, ordu quruculuğu ilə bağlı idi. Azərbaycanlılar Rusiya istilası dövründə hərbi mükəlləfiyyətli olmadıqlarından, əsgəri xidmətdən tamamilə məhrum qalmışdılar. Buna görə də, sabitliyin qorunması, müdafiə işinin təşkili üçün hərb işini bilən kadrların hazırlanması vacib məsələ kimi aktuallığını saxlayırdı. Başda Səməd bəy Mehmandarov olmaqla, zəngin hərbi təcrübəsi olan Azərbaycan zabitlərinin səyi ilə, çox çətinliklə də olsa, az müddətdə 25 minə qədər müxtəlif silah-sursata malik piyada, süvari və topçu hissələrindən ibarət ordu yaradıldı. Cümhuriyyət hökuməti fəaliyyətə başlayanda, Xəzər dənizində səlahiyyətləri yox idi. Bir neçə ay ərzində Xəzər dənizi üzərində səlahiyyətlərini formalaşdıran AXC 6-7 gəmilik donanma yaratdı. Təhsilə, səhiyyəyə, dəmir yolunun fəaliyyətinə, dağıdılıb sıradan çıxarılmış yolların bərpasına diqqət artırıldı. AXC varlığını yalnız öz içində deyil, sərhədlərindən kənarda da hiss etdirirdi. Dünyanın hər yerindən yeni yaranmış müsəlman ölkəsinə heyətlər, səfirlər gəlir, buradakı hürriyyəti gördükdən sonra siyasi, iqtisadi, mədəni və ticari ələaqələrin yaranmasına təşəbbüs göstərilirdi. Yaşlı əhali arasında savadsızlığın aradan qaldırılması üçün gecə kursları təşkil olundu. İslahatlar müxtəlif, proqnozlar maraqlı və dövlətçilik baxımından əhəmiyyətli olsa da, Azərbaycanı əldən vermək istəməyən imperiya, bolşevik istilaçıları Cümhuriyyətin yaşamasına və əbədiliyinə imkan vermədilər. Lakin keçmişini öyrənməklə bu gününü yaşayan, gələcəyi üçün təməl formalaşdıran Azərbaycan xalqı o dövrdə cəfakeş fədailərin əməllərini və xidmətlərini unutmur.

Təsadüfi deyil ki, Azərbaycan xalqı ötən əsrin sonlarında dirçələn milli-azadlıq mübarizəsinə də Cümhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda milli-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı AXC-dən miras qalan istəklərin reallaşması naminə birləşdi. Sovetlərin beynəlmiləlçilik buxovundan xilas olaraq varlığını qorudu. Dövlətçiliyimizin atributu olan, AXC-nin qəbul etdiyi himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıran, böyük qətiyyət göstərərək, Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirən Ulu Öndər Heydər Əliyev sonrakı islahatlarında da varislik missiyasına sadiq qaldı.

Prezident İlham Əliyevin imzaladığı Cümhuriyyətin 100 illiyi ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində, milli dövlətçilik atributlarını qoruyub-saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı.

Müstəqilliyin ilk illərində mövcud olan qarşıdurmalara, daxili çəkişmələrə, xarici müdaxilələrə baxmayaraq, xalqa müdrik bələdçi olan, Azərbaycana əbədi suverenlik qazandıran Ulu Öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan demokratiya və iqisadi inkişaf yolu ilə dünya birliyinə inteqrasiya etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə respublikamız dünyanın enerji xəritəsini dəyişdi və nəqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan respublikamız indi başqa ölkələrə sərmayə yatıran dövlətdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan respublikamızın sivilizasiyalararası dialoq mərkəzi kimi maraq doğurması, eyni zamanda, düşünülmüş xarici siyasətimizin beynəlxalq aləmdə dəstəklənməsidir. Bərabərlilik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çalışan AXC-nin bu istəyinə ən layiqli cavab ölkəmizdə mövcud olan tolerantlıq və mültikulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Şərqdə ilk dəfə olaraq, qadınlara səsvermə hüququ qazandıran AXC-nin bu sahədəki islahatının davamı müasir ölkəmizdə gender bərabərliyinin tətbiqidir. O illərdə ilk ali məktəb kimi Bakı Dövlət Universiteti açılmışdırsa, hazırda respublikamızda dövlət və özəl universitetlərin sayı artmaqdadır.

Elliklə savadlanmaya, gələcək üçün ixtisaslı kadr hazırlığı kimi önəmli vəzifəyə diqqəti artıran AXC, nisbətən də olsa, bu məqsədinə çatmışdı. O dövrdə tək-tək hallarda müşahidə olunan, varlıların yardımı ilə gənclərin xarici ölkələrə göndərilməsi prosesi indi dövlətin ayırdığı vəsait hesabına geniş miqyasda həyata keçirilir. Azərbaycanlı gənclər dünyanın istənilən ölkəsində təhsilini davam etdirməkdə sərbəstdirlər. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyat yolu ilə Azərbaycanın inkişafı, özəl sektorun formalaşdırlması üçün ölkədə biznes mühitini formalaşdıran Ulu Öndərin islahatlarını davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində, ölkə iqtisadiyyatının 80 faizi qeyri-neft sektorunun payına düşür. Bölgələrin inkişafı üçün başlıca şərt olan sahibkarlığın təkmilləşdirilməsi ilə əhali arasında işsizlik səviyyəsi minimuma endirilib, sahibkarlıqla məşğul olanlar arasında sayı artan qadınlara üstünlük verilir. Təhsilin və səhiyyənin inkişafına diqqət artırılır. Dünyanın ən güclü orduları arasında adı çəkilən Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi avadanlıqlarla və müasir silahlarla təmin olunur. Nizami ordumuzun əsgər və zabitləri NATO qoşunları ilə birgə təlimlərdə, münaqişə zonalarında sabitliyin yaranmasında iştirak edirlər. AXC-dən miras qalan istəklərin daha geniş və müasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada yer alır və beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirir.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə