Müsavatın rayon müşavirələri fiaskoya uğradı ANALİTİK

AXCP-“Milli Şura” cütlüyünün sonuncu biabırçı mitinqinin ardınca, həmin aksiyaya qatılan Müsavat partiyasının bir sıra üzvləri bu ayın sonu üçün keçirilməsi planlaşdırılan növbəti mitinqdə iştirak etməkdə tərəddüdlü olduqlarını ifadə ediblər.

Müsavat başqanı müavinlərinə nəyi tapşırıb?

SİA-ya daxil olan informasiyaya görə, bu günlərdə Müsavatın Salyan, Şirvan, Hacıqabul təşkilatlarında zona müşavirələri keçirilsə də, həmin tədbirlərə iştirak edən bir sıra müsavatçılar AXCP-“Milli Şura” cütlüyünün mitinqlərinə qatılmamağı, partiyanın ayrılıqda aksiya keçirməli olduqlarını tələb olaraq irəli sürüblər. Mənbə qeyd edib ki, müşavirələri başqan müavini Razim Əmiraslanlı aparıb və o da öz növbəsində baş verənləri Arif Hacılıya çatdırıb.

Müşavirələrdə ziddiyyətlərin yaşandığını A.Hacılının digər səlahiyyətli şəxsləri – Müsavatın departament müdiri Söhrab Məhərrəmli, eləcə də müsavatçı Sadiq Abdullayev də etiraf ediblər. Mənbəyə görə, onlara bu barədə mediada, ya da sosial şəbəkədə fikir bildirməmələri barədə ayrıca tapşırıqlar verilib.

İrəli sürülən tələblər isə təxminən bu cür olub:

1. Müsavat partiyası “Milli Şura”nın mitinqlərində rəsmi təşkilatçı olmadığına görə, aksiyada iştirak edən müsavatçılar dolayı yolla AXCP sədri Əli Kərimlinin siyasi dividentinə xal qazandırır, onun müxalifətin “lideri” olduğunu qəbul edirlər.

2. Əgər Müsavat partiyası “seçkiləri boykot” qərarı verməyibsə və seçkilərə qatılmaq istəyən partiya üzvlərinə qərar baxımından sərbəstlik verilibsə, bu cür mitinqlərə qatılmağın heç bir faydası yoxdur.

3. “Milli Şura”nın mitinqlərində müsavat yetkililəri arasında söz haqqının yalnız Arif Hacılıya verilməsi digər siyasi qurumların bu partiyadan sadəcə, öz məqsədləri üçün istifadə etdikləri anlaşılır.

Onu da qeyd edək ki, bir sıra narazı müsavatçılar, xüsusilə uzun illərdir ki, bu partiyada fəaliyyət göstərənlər bənzər məsələlərdə sabiq başqan İsa Qəmbərin də mövqe bildirməli olduğunu deyiblər.

Ziddiyyətli mövqelər niyə artır?

Lakin İ.Qəmbərin ağır xəstə olduğunu əsas gətirən partiya rəhbərliyi bu səbəbdən sabiq başqanın mövqe bildirmədiyini deyirlər. Bu zaman A.Hacılının daha qabaqkı fikirlərinin təzadlı olduğu üzə çıxır. Daha dəqiq desək, gah İ.Qəmbərin sağlıq durumunun yaxşıya doğru getdiyini deyən Hacılı, digər tərəfdən, İ.Qəmbərin bəlli məsələlərə münasibət göstərmək vəziyyətində olmadığını bildirir. Bu kimi çıxışlar isə narazı müsavatçılar arasında ziddiyyətli mövqeləri daha da artırır.

Beləliklə, Müsavatın rayon müşavirələrinin “baş tutması” ətrafında bəyanatlar verən partiya səlahiyyətliləri əslində, daxili situasiyada nələrin baş verdiyini gizlətmələri ilə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olublar. Bu baxımdan, AXCP-“Milli Şura” cütlüyünün mitinqlərinə öncəkindən daha az müsavatçıların qatılacağını demək olar. Hətta A.Hacılıya həmin mitinqlərdə söz demək haqqı növbəti dəfə tanınsa belə, ona dəstək verə biləcək müsavatçıların çox cüzi olacağını bəri başdan proqnozlaşdırmaq mümkündür.

Arif Hacılının və İsa Qəmbərin partiyanı Əli Kərimlinin ayağına verdikləri bildirilir

Yeri gəlmişkən, narazılar eyni zamanda, AXCP-“Milli Şura” cütlüyünün hələ ötən ilki aksiyalarına partiya rəhbərliyinin şəxsi təşəbbüs xarakterində qatıldığını və bunun müqabilində tribunaya dəvət edilmədiklərini də xatırladaraq, A.Hacılının, eləcə də İ.Qəmbərin partiyanı Əli Kərimlinin ayağına verdiklərini kəskin etirazlarla bildirirlər. Bu olaylar isə seçkilərə qədər Müsavatın növbəti dəfə parçalanacağı reallığını daha açıq fonda göz önünə sərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...