Mərkəz sədri: "Ruhaninin təklifi yeni geosiyasi vəziyyət yaradır" TƏHLİL

“İran prezidenti Seyid Həsən Ruhani Tehranda Azərbaycanın iqtisadiyyat naziri və İran-Azərbaycan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən az qala sensasiya kimi dəyərləndirilə bilən açıqlama verdi: İran və Azərbaycan birlikdə Afrika ilə Avropanın şimalı arasında vacib tranzit körpüsü ola bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, “Şimal-Cənub” dəmir yolu marşrutu yalnız Hindistanla Avropanın şimalını birləşdirməyi nəzərdə tuturdusa, indi İran öz coğrafi imkanından istifadə edərək Ərəb dövlətlərini də “Şimal-Cənub” dəmir yolu ilə Rusiya və eləcə də Rusiya vasitəsilə də Avropanın şimalı ilə əlaqələndirmək niyyətindədir: “Həsən Ruhani Rusiya ilə Ərəb dövlətləri arasında siyasi münasibətlərin aktivləşdiyini və bunun iqtisadi baxımdan maddiləşəcəyini görür.

Bakı- Tbilisi-Qars dəmiryoluna qoşulmaq niyyətini də İran rəsmən açıqlayıb. Başqa sözlə, İran Azərbaycanın təşəbbüskarı və aktivlik göstərdiyi layihələr vasitəsilə Ərəb dövlətləri içərisində özü üçün əlavə resurs, nüfuz yaratmaq istəyir. Bu nüfuz xeyirxah təsirli nüfuzdur, ona görə alqışlamaq olar. H.Ruhaninin bu təklifi Ərəb dövlətlərində İrana qarşı olan neqativliyi azalda biləcəyinə ümid edirik.

İran prezidentinin bu təklifi həm də İranda Ermənistana dəstək verənlərin mifologiyasına daha bir və ciddi zərbədir.

Rəsmi məlumata görə 2017-ci ildə Rusiyadan İrana Azərbaycan ərazisi vasitəsi ilə 19 min konteyner daşınıb. Bu gündə 52 vaqon deməkdir. Astara –Rəşt dəmiryolunun hələ tikilmədiyini nəzərə alsaq bu daşınmaları multu modal daşımalar adlandırmaq olar. Belə alınır ki, ən sevimli layihəsi ətrafında baş verənlərdən rəsmi Yerevanın xəbəri yoxdur. Bu dövr ərzində prezident Serj Sərkisyan və komandası İran- Ermənistan dəmiryolu barədə beynəlxalq aləmə yalan danışmalarını dayandırmayıblar; Münhen Təhlükəsizlik Konfransında prezident S. Sərkisyan “Qara dənizlə Fars körfəzi arasında yeni tranzit koridoru formalaşdırmaq üçün bütün maraqlı tərəflərlə Ermənistanın hal-hazırda danışıqlar apardığını” bildirdi. İranın, Gürcüstanın və Rusiyanın davranışı isə onlar üçün bu məsələnin həllini tapdığını göstərir.

İran prezidentinin bu təklifi həm İran, həm də Azərbaycan üçün yeni geosiyasi və geoiqtisadi tutumlu vəziyyət yaradır. Bu kontekstdə məsələnin bir neçə istiqaməti diqqətdən kənarda qalmalı deyil:

I. İran-Azərbaycan münasibətlərinin əleyhdarları mövcuddur və bu əleyhdarların demək olar ki, hamısı İranın daxilindədir. İranın Ali rəhbərin ofisinin ətrafında cəmləşmiş bir qrup nüfuzlu şəxs ermənilərə dəstək verməklə əsas hədəfləri Azərbaycanın imkanlarını məhdudlaşdırmaq, Azərbaycana təzyiq etmək, Azərbaycanın gücünü zəiflətməkdir.

H.Ruhani komandası İranın daxilində olan belə qruplara qarşı mübarizə aparmaqda müəyyən uğur əldə edib. Amma H.Ruhaninin Azərbaycanla gördüyü iş istiqamətində əldə etdiyi uğurların həcmi böyüdükcə İranın daxilində Azərbaycanın əleyhinə olan qüvvələr də ortalığa yeni variant qoyurlar. Ona görə hökmən İranın daxilindəki bu qrup neytrallaşdırılmalıdır. Həmin qrup H.Ruhaninin komandasına da müxalifətdədir.

II. Bu qrupu indi müəyyən etmək nisbətən asandır.

III. Əgər İranın daxilindəki o həmin antiAzərbaycan qruplar düşünürlər ki, prosesləri gərginləşdirmək imkanı yalnız onlara məxsusdur, kifayət qədər səhv yoldadırlar. İran regionda destruktiv proseslərə dəstəyini dayandırmalıdır. İranda müəyyən qruplar başa düşsünlər ki, onlar bu günədək bütün səylərini qoysalar da, Azərbaycanın inkişafını heç zəiflədə bilməyiblər. İranın daxilindəki bəlli qrupların iki ölkənin qarşılıqlı maraqlarına köklənmiş siyasətə dəstək versələr, özlərinin də faydasınadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə