MSK KİV nümayəndələri üçün seminar-müşavirə keçirib YENİLƏNİB-FOTOLAR - VİDEO
Bu gün Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub.
Tədbirdə yuxarıda adları qeyd olunan qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək seçki prosesinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rol və vəzifələrindən danışıblar.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, bu gündən namizədlərin təşviqat kampaniyası başlayıb: “Prezidentliyə namizədlər bu gündən İctimai Televiziya və Radioda efirə çıxacaqlar”.
M.Pənahov qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00-da, televiziyalarda isə saat 22:00 radələrində olacaq, lakin dəqiq vaxt müəyyən olunacaq: “5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir. Dünyanın istənilən nöqtəsindən veb-kameralar vasitəsilə həmin məntəqələrdə səsvermə zamanı bütün prosesləri izləmək mümkün olacaq”.
M.Pəhanov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırıb. O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçkiləri müşahidə edəcək: "Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, seçkiyə bir neçə gün qalmış qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək".
MSK sədri seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: "Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər".
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanda keçirilən seçkilərin bütün mərhələlərində KİV-lərin mühüm rolu var: “Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. növbədə namizəd və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini KİV vasitəsilə əhaliyə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, həmçinin bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin rolu qədərdir”.
PA rəsmisi bildirib ki, KİV-lər seçkilərdə öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurmalıdır: “Yəni KİV-lər işlərini birinci növbədə öz peşəkarlığına, ikincisi isə Seçki Məcəlləsinə uyğun qurmalıdır. KİV-lər bütün namizədlər üçün həm qiymət, həm də vaxt və yer baxımından bərabər imkanlar yaratmalıdır”.
Ə.Həsənov deyib ki, seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə məsuliyyətli olmalıdır: “KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın, çünki Məcəllənin hansısa tələbinin pozulması seçkilərin ümumi imicinə zərər gətirə bilər”.
Prezidentin köməkçisi vurğulayıb ki, KİV-lər ölkə Prezidentinin dövlət başçısı kimi fəaliyyəti ilə seçkilərdə namizəd kimi təbliğat fəaliyyəti arasında cizgini düzgün müəyyən etməlidir.
Ə.Həsənov əlavə edib ki, kommersiya məsələsində də namizədlər üçün bərabər şərait yaradılmalıdır, yəni bütün namizədlər üçün eyni qiymət siyasəti həyata keçirilməlidir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov diqqətə çatdırıb ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb: “Bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası ilə görüş keçirdiyini bildirib. Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim”.
MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır: “Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim".
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır: “Hazırda 15 qəzetin, 10 informasiya agentliyinin monitorinqi aparılır. Monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq”.
Şura sədri bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək: "Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".
Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə