Baş redaktor: “Seçicilərimiz yenidən İlham Əliyevə səs verəcəklər” AÇIQLAMA

“Ümumiyyətlə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı proseslər çox uğurla davam edir. Bu ilin martın 19-na kimi Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatını, imzatoplama kampaniyasını və s. digər məsələləri həyata keçirdi”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, artıq bu gündən təbliğat-təşviqat kampaniyasına start verildi: “Təbliğat-təşviqat kampaniyası uğurla başlayıb. Heç bir şübhəm yoxdur ki, Azərbaycan xalqı, vətəndaşları, seçiciləri birmənalı şəkildə bundan sonra da ölkənin inkişafına, tərəqqiyə, sabitliyə səs verəcəklər. Təbii ki, bu sabitliyin, inkişafın qarantı prezident seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən cənab İlham Əliyevdir. Vətəndaşlar yüksək əhval-ruhiyyə ilə öz mövqelərini hesab edirəm ki, 11 aprel tarixində rəsmiləşdirəcəklər.

2003-cü ildən bu günə qədər görülən işlər mənə onu deməyə əsas verir ki, Azərbaycanın tərəqqisi, inkişafı, sabitliyi, ölkəmizin dünya birliyində layiqli yer tutması bilavasitə cənab İlham Əliyevin fəaliyyəti, onun apardığı siyasət nəticəsində mümkün olub. Bu gün Azərbaycan həm iqtisadi göstəricilərinə, siyasi nüfuzuna görə, həm də dünya birliyində tutduğu mövqeyə görə hesab edirəm ki, çox yüksək uğurla öz mövqeyini qətiləşdirib. Təbii ki, bu gün də bu proseslər çox yüksək səviyyədə reallaşdırılır və həyata keçirilir. Əminəm ki, 11 aprel tarixində Azərbaycan xalqı, vətəndaşları, seçiciləri yenidən cənab İlham Əliyevə öz səslərini verəcəklər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə