Sədr müavini: “Qlobal forum ictimaiyyətimiz üçün də çox önəm daşıyır" ŞƏRH

“Ötən illərdə olduğu kimi Bakı şəhərinə VI Qlobal Forumda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən hökumət, dövlət başçıları, xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, beyin mərkəzləri və s. olmaqla ümumilikdə 50 ölkəni təmsil edən 500-ə qədər nüfuzlu ictimai-siyasi xadimlər, dünya miqyasında söz sahibi olan şəxslərin səfərinin şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.

Qurum rəsmisinin sözlərinə görə, VI Qlobal Bakı Forumunda Azərbaycanın müxtəlif qlobal məsələlərin, problemlərin müzakirə platforması seçilməsi artıq ölkəmizdə gedən proseslərə müəyyən mənada münasibətin göstərilməsidir: “Demokratik dəyərlərlə tanınan bir çox cəmiyyətin, ölkələrin prezidentlərinin, hökumət başçılarının məhz Bakı şəhərində bu müzakirələrin açıq və rahat bir şəkildə aparılmasının şahidi olmaqla eyni zamanda da həmin bu liderlər Azərbaycanda demokratik dəyərlərin, islahatların, dövlət-vətəndaş cəmiyyəti, dövlət-vətəndaş əlaqələrinin həqiqi mənada geniş vüsət almasının, inkişaf etdirilməsinin birbaşa sübutu kimi dəyərləndirə bilərik. Digər tərəfdən hamıya bəllidir ki, köhnə dünya düzəni, idarəetmə prinsipləri artıq müəyyən mənada işləmir və ziddiyətlər yaranır. Çünki həmin prinsiplər qəbul olunduğu dövrdə bugünkü qlobal problemlər arasında insanları narahat edən qlobal terrorizm, beynəlxalq terrorizm və dini-irqi dözümsüzlük kimi faktorlar mövcud deyildi. Bu gün onlar artıq dünya siyasətinin tərkib hissəsidir və bütün qlobal platformada müzakirə olunan mövzulardan biridir. Bu dəyişiklikləri, nüansları nəzərə alaraq təbii ki, dünya ictimaiyyəti yeni dünya idarəetmə prinsipinin formalaşması ilə məşğuldur, müzakirələr gedir və yeni müxanizmlər üzərində işlər aparılır.

Bakı şəhəri də həmin bu qlobal müzakirələrin bir hissəsi olaraq keçirilən, aparılan panel müzakirələrində, danışıqlarında təbii ki, Azərbaycanın marağı ondan ibarətdir ki, gələcəkdə formalaşan dünya düzəni, dünya idarəetmə prinsiplərində ölkəmizə qarşı, dövlətimizin maraqlarına zidd olan hər hansı bir mexanizmin, hərəkətin, mövqenin formalaşmasına yol verilməsin. Digər bir tərəfdən qlobal forum Azərbaycan ictimaiyyəti üçün də çox önəm daşıyır. Çünki bura təşrif buyuran dövlət, hökumət başçılarının qlobal məsələlərlə yanaşı, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşlərində də, ona ünvanladıqları müraciətlərdə də ölkəmizin həm regional, həm də ümumi qlobal kontekstdə önəmini, yerini bir daha vurğulayırlar. Bu da təbii ki, həm Azərbaycan, həm də qlobal nöqteyi-nəzərdən böyük uğurdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə