"Saakyanın səfəri ABŞ-Azərbaycan münasibətlərinin ənənəsinə və ruhuna ziddir"

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın Birləşmiş Ştatlara səfəri, hər şeydən əvvəl, ABŞ-Azərbaycan münasibətlərinin ənənəsinə və ruhuna ziddir. İkincisi, ABŞ-ın müvafiq dairələrinin bu səfərə imkan yaratması beynəlxalq hüquqa və bu hüquq qarşısında rəsmi Vaşinqtonun mövcud öhdəliklərinə ziddir. Bu fikirləri açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının mandatı ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ problemini həll etmək üçün mükəlləfdir. Ancaq problemi yaradan və etnik separatçılıqla məşğul olan bir cinayətkarı qəbul etməklə ABŞ Minsk qrupu çərçivəsindəki öhdəliyini pozmaqla artıq münaqişənin həllində vasitəçi deyil, tərəf rolunu oynamış olur. Vaşinqtonun bu fəaliyyəti Azərbaycan kimi ABŞ-ın regionda ən əsas tərəfdaşı olan, Qərbin enerji təhlükəsizliyində yeni alternativ təhlükəsizliyi formalaşdıran, NATO çərçivəsində bu təşkilatın şərq siyasətində mühüm rol oynayan bir ölkəyə qarşı edilir. Göründüyü kimi, heç bir halda bu cür nensosun izahını soyuq məntiqlə vermək mümkün deyil. Bu, ABŞ–ın ikili standartlar siyasətinin təzahürüdür və beynəlxalq münasibətlərin gələcəyi üçün, o cümlədən ABŞ- Azərbaycan münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir.

ABŞ –ın müvafiq qurumlarının dərhal separatçı xuntanın nümayəndəsi haqqında beynəlxalq hüquqa uyğun addımlar atmalı olduğunu deyən Hikmət Babaoğlu vurğulayıb ki, Vaşinqton bir daha belə halların baş verməyəcəyi ilə bağlı Azərbaycana təminat verməlidir. Əks təqdirdə, onsuz da beynəlxalq münasibətlərin hegemon aktorlarından biri kimi get-gedə öz missiyasını ədalətli şəkildə yerinə yetirə bilməyən bu ölkənin beynəlxalq ictimai reputasiyası daha çox zədələnəcək. Bu, nəticə etibarilə ABŞ-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərməklə, bütövlükdə, Cənubi Qafqaz regionunda heç də Birləşmiş Ştatların maraqlarına uyğun olmayan yeni geostrateji vəziyyət üçün ilkin şərtlər yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə