"Dini, mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha əhəmiyyətlidir" YENİLƏNİB

VI Qlobal Bakı Forumu çərçivəsində "Dini, mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha əhəmiyyətlidir" adlı sonuncu panel müzakirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, paneldə çıxış edən Paraqvayın sabiq prezidenti, Paraqvay senatının prezidenti Fernando Luqo dünyada mədəni və dini müxtəlifliklərin hökm sürdüyünü deyib: "Bütün dinlər bərabərdir. Latın Amerikasında maraqlı tendensiya davam edir. Dininin inkişafına baxdıqda insanlar sual verirlər ki, din daha önəmlidir, yoxsa mədəniyyət? Bu əslində çətinlik kimi qarşımızda durur. Dünya hazırda daha mürəkkəbdir. Bölgədə olan fərqliliklər azaldılmalıdır. Elə bir cəmiyyət qurmalıyıq ki, o daha tolerant olmalıdır, çalışmalıyıq ki, müxtəlif dinlərə inanan insanlar təhqir olunmasın. Məsləhətçi qrupları ilə işləməliyik. Latın Amerikada müsəlman olmaq şübhə ilə qarşılanır. İnsanlar qınanılır, bu baryerlərlə bağlı bizdə problemlər yaşanır".

Daha sonra çıxış edən Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib ki, din bəzi məşhur siyasətçilər tərəfindən seçkilərdə qalib gəlmək üçün istifadə edilir və ya terrorçular dindən vasitə kimi istifadə edirlər: "Problemlərin həllində hər bir dinin öz yanaşması var. Əsas məsələ odur ki onlar arasında dialoqun olması mümkündürmü ya yox? Fərdi şəxslər arasında olsa da, bu dialoq mümkün deyil. Dinlər bir-biri ilə yola gedə bilmir. Bu da dünyada bizim üzləşdiyimiz bir problemdir və buna qarşı çalışmalıyıq. Bu halda siyasi liderlər nə edə bilərlər? İlk olaraq biz dini siyasətdən və siyasəti də dindən ayrı tutmalıyıq. Digər bir addım isə dünyəvilik prinsipinin təşviq olunmasıdır.

Bu xüsusilə təhsil sistemində edilməlidir. Həmçinin dini azadlıq üçün imkan verilməlidir. Bütün dindarlara eyni şəkildə davranılmalıdır".

Hikmət Çətin bildirib ki, Türkiyə lideri Atatürkün keçirdiyi islahatlar sayəsində Türkiyəyə dünyəvilik gəlib və hazırda yəhudi icmaları, ermənilər və yunanlar da Türkiyədə yaşayır.

Tacikistan parlamentinin vitse-spikeri Akramşo Felaliyev çıxışında deyib ki, ölkəsində din siyasəti digər dinlərə hörmət əsasında formalaşıb: "İnsanların dini inanclarının sərbəst fəaliyyəti üçün Tacikistanda bütün şərait yaradılıb. Siyasətlə din arasında müəyyən aspektlər nəzərə alınmalıdır. Ölkəmdə dünyəvilik konstitusiyada təsbit olunub. Əldə olunan təcrübələri nəzərə alaraq deməliyik ki, bu mövzuya dünyada geniş yer verilməlidir. Dünyada terrorizm insanların qarşısında duran maneələrdən biridir. Ayrı-ayrı siyasi qüvvələr bundan istifadə etməkdədir. Terrorizmin xalqı, milləti dini yoxdur. Dindən siyasi məqsəd üçün istifadə etmək yolverilməzdir. Bu, müharibələrə, qan tökülməsinə gətirib çıxara bilər".

Qırğızıstanın baş müftisi Maksatbek Toktomuşev isə deyib ki, dinlərarası və sivilizasiyalararası münasibətlər səbəbi ilə qanlar tökülür: “Qırğızıstanda azad dini inanclar tam təmin olunub. Ölkədə əsas kəsim müsəlmanlardır. Lakin bizim ölkədə katoliklər, pravoslavlar azad yaşayır. Özbəkistan və Qırğızıstan arasında baş vermiş toqquşma, qarşıdurma dini motivli deyildi. Lakin bəzi şəxslər bundan dini zəmində olan hadisə kimi istifadə etdi. İslam dini sülh ilə başlayır və sülh ilə bitir.

Böyük qüvvələr bir günə Suriyada baş verənləri dayandıra bilər. Niyə dayandırmırlar? Bundan ya siyasət, ya pul, ya da son silah texnologiyaları üçün poliqon kimi istifadə edirlər".

İsrail Knessetinin vitse-spikeri Hamad Amar bildirib ki, İsraildə müxtəlif dinləri təmsil edən xalqlar bərabər yaşayır: "Bütün dinlərin bir məqsədi var, insanları incitmək qadağan olunur, xalqlar arasında sülh təbliğ olunur. İsraildə bütün insanlara öz dinlərinə sitayiş etməyə şərait yaradılıb".

Sonda çıxış edən İtaliya prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi deyib ki, tolerantlıq prinsipi tarixən mövcud olub: "Keçmişdə də müxtəlif dinləri təmsil edənlərin birlikdə yaşaması nümunələri var. Tarixin çətin dövrünü yaşayırıq. Afrikada xristianların sayı azalır. Hazırda ən çox əziyyət çəkənlər müsəlmanlardadır. Ölən müsəlmanların sayı artır. Sünni-şiə məsələsi bu rəqəmləri daha da artırır. Dindən siyasi deyil, başqa məqsədlər üçün istifadə etməklə bu parçalanmanın qarşısını almaq olar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə