YAP-ın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Martın 17-də YAP-ın Xətai rayon təşkiltının qərargahında Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

SİA-nın xəbərinə görə, müşavirədə 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının prezidentinin seçkilərinə hazırlıq işlərinin yekunu və qarşıda duran vəzifələr müzakirə edilmiş, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində partiyanın rayon və şəhər təşkilatlarının iş proqramı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müşavirəyə sədrlik edən Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov prezident seçkilərinin keçirilməsi barədə qərarın elan olunduğu andan həyata keçirilmiş tədbirlərin yüksək səviyyədə, eyni zamanda təqdirəlayiq olduğunu qeyd edib. Bildirilib ki, partiyanın rayon və şəhər təşkilatları seçki kampaniyasının ən mühüm mərhələlərindən biri olan imzatoplama kampaniyasını mütəşəkkil qaydada və yüksək hazırlıqla başa vurub. Əli Əhmədov seçki kampaniyasının daha mühüm, daha çox məsuliyyət tələb edən və həlledici mərhələsi – təbliğat-təşviqat mərhələsinə də hazırlıq işlərinin yüksək səviyyədə yekunlaşmaq üzrə olduğunu qeyd edib, partiyanın rayon və şəhər təşkilatlarının kampaniyada yüksək aktivlik nümayiş etdirəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Fevralın 27-də Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyini qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə