ABŞ Saakyanın timsalında imicini ləkələdi MÜNASİBƏTLƏR

Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın ABŞ-a səfər edərək, Konqresdə çıxış etməsi Azərbaycan cəmiyyətində ciddi etiraz və ABŞ-a qarşı narazılıq yaradıb. Söhbət etdiyimiz müsahiblərimiz Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın vasitəçilik prinsiplərinə zidd olduğunu bildirdilər.

Siyasi şərhçi Azər Həsrət:

- ABŞ, dövlət olaraq, bu münaqişənin həllində vasitəçilik edir. Belə olan halda, vasitəçi münaqişə tərəflərindən müəyyən məsafədə dayanmalı, norma və qaydalara uyğun hərəkət etməlidir. Amma terrorçu Bako Saakyanın həmin ölkəyə dəvət edilməsi, onu göstərir ki, ABŞ-da bəzi hakim dairələr bu qaydaları pozur və tərəf tutur. Tərəf tutulursa, obyektiv vasitəçilik şübhə altına alınır. O baxımdan, təəssüflə qeyd etməliyəm ki, ABŞ bu addımla özünün xoş məramını ciddi şəkildə zədələmiş oldu.

Politoloq Elçin Mirzəbəyli:

- Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının, həmçinin, ATƏT-in Minsk Qrupundakı prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Bütövlükdə, bu, ümumi hərəkətdir və heç bir halda əsaslandırılması mümkün deyil. Təbii ki, bunu xoşməramlı səfər kimi qiymətləndirməyə, don geyindirməyə çalışırlar. Amma nəzərinizə çatdırım ki, separatçı rejimində digər nümayəndələri ilə yalnız ATƏT-in Minsk Qrupu həmsədirləri ilə regiona səfərləri çərçivəsində müzakirələr aparılması mümkündür. Həm azərbaycanlı, həm erməni icmalarının nümayəndələri ilə görüş anlamında bu dəvət tamamilə beynəlxalq sənədlərə ziddir. Heç bir halda, buna müsbət don geyindirmək mümkün deyil. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- Qondarma rejimin "prezidenti" kimi təqdim edilən Bako Saakyanın ABŞ-a səfəri və Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi dünyada iyrənc siyasi oyunların əsas müəlliflərindən birinin ABŞ olduğunu bir daha göstərir. Bako Saakyan Dağlıq Qarabağda yaşayır və o, Azərbaycan vətəndaşıdır. Amma göründüyü kimi, o, saxta Ermənistan pasportu ilə Amerikaya səfər edir və orada koqresmenlərlə görüşür və danışıqlar aparır. Amerika Birləşmiş Ştatları kimi dünyada özünü demikratiyanın mərkəzi sayan bir dövlət bu saxta pasport daşıyıcısını qəbul edir. Hansı ki, Saakyan Azərbaycan vətəndaşıdır və ona vizanı ABŞ-ın Azərbaycandakı səfirliyi verməlidir. Saxta sənədlə viza alan bu dələduza ABŞ-ın Ermənistandakı səfirliyi viza verirsə, bu, artıq bütün diplomatik qanunların pozulması deməkdir. Həm də bilərəkdən, həyasızcasına pozulması deməkdir. Daha da irəliyə gedərək, bu adamı Konqresdə təmtəraqla qarşılayırlar, deməli, onu tərəf olaraq qəbul edirlər. ABŞ münaqişənin həll olunmasında tərf kimi iştirak edir və üzərinə öhtəliklər götürüb. İndi isə nümayişkarcasına bu öhdəlikləri pozur və heç bir beynəlxalq hüquqi öhtəliklərə, nəinki əməl etmir, hətta onları ayaq altına atır. Haqlı olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi adıçəkilən ölkənin səfirliyinə nota ünvanladı. Onun məsələyə aydınlıq gətirməsini tələb etdi. Budur ABŞ-ın demokratiya oyunu, demokratiya pərdəsi altında çıxardığı oyunlar. Onlara lazım gələndə, dövlətlərin daxili işlərinə qarışırlar, münaqişıəli zonalar yaradırlar və onlardan məqsədləri naminə istifadə edirlər. Dünyadakı bütün münaqişəli zonalarda istər ABŞ-ın, istərsə də digər böyük dövlətlərin birbaşa rolu var. Dünyadakı ikili standartların və ədalətsizliklərin həmmüəlliflərindən biri də elə ABŞ-dır. Yəni məsələ ondadır ki, Azərbaycanın zorla cəlb olunduğu münaqişənin həllinin yubanmasının səbəbləri bu ikili standartlarda, bu haqsızlıqlardadır. Azərbaycan Respublikasının 20 faiz torpağını işğal etmiş, bir milyondan artıq insanın yurd-yuvalarından didərgin salınmasının, minlərlə günahsız mülki əhalinin məhv edilməsinin səbəbkarı olan təcavüzkar Ermənistana qarşı heç bir tədbir görülməməsi, beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin yerinə yetirilməməsinin başında da böyük dövlətlərin siyasi riyakarlığı dayanır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə