ABŞ-ın ikili standartları ANALİZ

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu baxımdan, təkcə Azərbaycan cəmiyyəti deyil, dünya ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib. Həmçinin, ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirilməsinə icazə verilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə uyğun olmadığı üçün ictimai qınağa səbəb olub.

Azərbaycanla digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ-ın mövqeyinin dəyişməsi kimi qiymətləndirilir və qərəzli hesab edilir. ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu Şuranın konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalı olduğu halda, ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi də qiymətləndirilir.

ABŞ qərəzsizliyini və obyektivliyini şübhə altında qoydu

Qondarma rejimin təmsilçisi Bako Saakyanın səfəri səbəbindən ABŞ səfiri Azərbaycan XİN-ə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək, Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. Azərbaycanın mövqeyi dəyişməzdir və Qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələri Ermənistan pasportu ilə Avropaya, Amerikaya və digər ölkələrə gedə, orada qondarma rejimin təbliğatı ilə məşğul ola bilməz.

Məlumdur ki, post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunur. Ermənitanın Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə siyasəti də dünya ictimaiyyəti üçün sirr deyil. Belə olan halda, qondarma rejimin nümayəndələrinə sanksiyalar tətbiq etmək əvəzinə, onların ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların növbəti təzahürüdür. Əgər ABŞ bir tərəfdən, münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edirsə və digər tərəfdən, qondarma rejimin təbliğinə imkan yaradırsa, deməli, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumur və bununla da, qərəzsizliyini və obyektivliyini şübhə altında qoyur. Əslində, bu addımı ilə danışıqlar prosesinə ciddi şəkildə xələl gətirən ABŞ, regionda gərginliyin artmasına xidmət edir. Həmçinin, davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur. Məhz buna görə də, ABŞ öz imicini itirir, istər Azərbaycan xalqının, istərsə də beynəlxalq ictimaiyyətin gözündə heçə enir. Bir sözlə, ABŞ-ın bu addımı ona olan münasibətə əsaslı dərəcədə zərbə vurur.

Kannon binasının qarşısında Azərbaycan icması üzvlərinin iştirakı ilə etiraz aksiyası keçirilib

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ nümayəndəliyi, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə bir neçə ermənipərəst konqresmenin dəvət edilməsi ilə eyni vaxtda Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş, Vaşinqton və ətraf rayonlardakı Azərbaycan İcması üzvlərinin iştirak etdiyi etiraz aksiyası keçirilib. Nümayişçilər əllərində Saakyanın, Sarkisyanın hərbi cani olmalarını təsvir edən plakatları, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Xocalı soyqırımı və BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların, eyni zamanda, ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar. Təkcə azərbaycanlılar deyil, hətta binanın qarşısından keçən və binaya daxil olan bir çox şəhər sakinləri etirazçılara yaxınlaşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı çıxıb, soydaşlarımızın aksiyasına dəstək olduqlarını bildirmələri isə, ondan xəbər verir ki, ictimaiyyətin, insanlığın mövqeyi terrorçuluğa qarşı birmənalıdır və ABŞ qınaq obyektidir. Şəhər sakinlərinin etirazçılara qoşulmaları həm də ikili standartların mövcudluğuna artıq zərrə qədər şübhə yeri qoymur. ABŞ Azərbaycanlıları Şəbəkəsi, eyni zamanda, Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha geniş məktub göndərib. Bununla Konqresin bütün üzvlərini qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülkü əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani qrupunun bir üzvü olan Bako Saakyanın dəvətini rədd etməyə və siyasəti ABŞ-ın milli maraqlarına uyğun olmayan Ermənistanı pisləməyə çağırıb. ABŞ Azərbaycanlıları Şəbəkəsinin etirazılndan sonra həmin şəxsin bir də Amerikaya buraxılacağını, yaxud buraxılmayacağını deyə bilmərik, amma hər halda, ABŞ öz nüfuzunu təhlükəyə atmaqdan çəkinməkdə maraqlı olmalıdır.

Azərbaycan parlamenti adekvat addım atsa, ABŞ-ın reaksiyası necə ola bilər?

ABŞ dünya nizamına bir növ özünün cavabdehlik daşıdığını bəyan edir və bu baxımdan, ondan beynəlxalq hüquq normalarına əməl olunması tələbi və gözləntiləri ən yüksək səviyyədədir. Bu gözləntilərin fonunda Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın Vaşinqtona səfəri və onun Konqresdə keçirilən dinləmələrdə iştirakı dünyanın fövqəldövləti, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın nüfuzuna ciddi zərbə olduğu inkar edilə bilməz. Əgər ABŞ rəsmi şəkildə bildirirsə ki, "Dağlıq Qarabağ" adlı bir qurumu tanımır və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, o zaman rəsmi müstəvidə belə səhvlərə yol verməsi nə ilə izah oluna bilər? Əgər Azərbaycan parlamenti adekvat olaraq, bəyan etsə ki, Kaliforniya ştatının ABŞ-dan ayrılmasını dəstəkləyirik, buna ABŞ-ın reaksiyası necə ola bilər? Belə bir mövqeyi bəyənə bilərmi? Əlbəttə, yox. Bu baxımdan, Azərbaycanın ABŞ-ın bu addımına əks-reaksiyasını da qəbul etmək məcburiyyətindədirlər. Konqres heç də özəl şirkət deyil və ABŞ-ın hakimiyyət qanadı olaraq Ağ Ev administrasiyasının siyasətini dəstəkləməlidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin hər hansı birinin, ələlxüsus, ABŞ-ın mövqeyi separatçı rejimə açıq və ya üstüörtülü "məhəbbət" ifadə edirsə, bu ikili standartların təzahürüdür və buna heç bir halda haqq qazandırmaq mümkün deyil.

Krımın Rusiyaya ilhaqı ilə bağlı beynəlxalq müstəvisində baş verənlərə nəzər salsaq, görərik ki, ABŞ Rusiyaya qarşı bununla bağlı tətbiq olunan sanksiyaları sərtləşdirir. Krımın və Donbasın rəhbəri rahatlıqla hansısa Avropa ölkəsinə, ABŞ-a səfər edə, yaxud parlament səviyyəsində dəvətlə ora gedə bilərmi? Əlbəttə, yox. Bəs nəyə görə Azərbaycan ərazisində bunun şahidi olmuruq? Məgər ABŞ rəsmiləri bilmirlər ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib? Əlbəttə, bilirlər. Həttə bunu təsdiq də edirlər. Nəinki ABŞ, hətta BMT kimi mötəbər bir təşkilat da bunu təsdiq edir və qətnamələrində bu fakt özünü təsdiq edir. O zaman, bəs niyə işğalçıya qarşı sanksiya tətbiq edilmir? Bütün bu faktlar ikili standartların tətbiqini təsdiq etmirmi? Bundan sonra hansısa separatçı rejimin rəhbəri münaqişənin həllində konstruktiv mövqe tutarmı? Separtçıları dəvət etməklə, Azərbaycanı təslimçiliyə təhrik etməyəmi çalışırlar? Niyə ABŞ Konqresi saxta məlumatların yayılması və mübahisəli məsələlərin qanuniləşdirilməsində adından istifadə edilməsinə yol verir?

"DQR" dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığı halda, Vaşinqtondan ikili standart

"Modern Diplomacy" nəşrində dərc edilmiş "Saxta dövlətin nominal rəhbəri Bako Saakyan ABŞ Kapitolisində saxta mükafat alacaq" adlı məqalənin müəllifi Yudjin İladi qeyd edir ki, Dağlıq Qarabağ 1988-1994-cü illər müharibəsi zamanı Ermənistan tərəfindən, faktiki olaraq, işğal edilmiş Azərbaycan regionudur və bu ərazilər qədim dövrlərdən etibarən Azərbaycana məxsus olmuşdur. 1988-ci ildə təcavüzkar fəaliyyətə başlayan Ermənistan altı il sonra, yəni atəşkəs rejimi elan edildikdən sonra, Azərbaycan ərazilərinin 20%-ni, yəni Qarabağı Ermənistan tərəfindən dəstəklənən separatçıların nəzarətində saxlayıb. Müəllif müharibə zamanı 30 min azərbaycanlının qətlə yetirilməsini, 50 min nəfərin yaralanmasını, Ermənistanın Dağlıq Qarabağda apardığı etnik təmizləmənin nəticəsi olaraq, 724 min insanın məcburi köçkünə çevrilməsini də qeyd edir.

Dünya ictimaiyyəti, nüfuzlu nəşrlər Azərbaycan həqiqətlərini bildiyi və qəbul etdiyi təqdirdə, necə ola bilər ki, ABŞ kimi özünü demokratiya carçısı elan etmiş, fövqəldövlət hesab etmiş bir güc bundan xəbərsizdir? "Dağlıq Qarabağ Respublikası" adlandıran separatçı qurum dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığı halda, BMT-nin hər bir üzvü əvvəlki tək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd etdiyi halda və bu regiona nəzarət etməkdə davam edən Ermənistan tərəfindən qanunsuz olaraq, işğal edildiyini etiraf etdiyi təqdirdə, ABŞ-ın bu addımı fərqli yanaşma və ikili standartlar deyilmi? Maraqlıdır, ABŞ-ı belə mövqe tutmağa, ikili standartlar yürütməyə vadar edən nədir? Ermənistan elə bir nüfuz sahibi deyil ki, yaxud hansısa təbii ehtiyatlara malik ölkə deyil ki, bu dünyanın ən nüfuzlu dövlətlərindən biri onun şıltaqlıqları qarşısında aciz qala, yaxud nazı ilə oynaya. Belə olan halda, bəs ABŞ-ın maraqları nədən ibarətdir və öz nüfuzunu niyə bu xırda bir dövlət, kiçik bir xalqın və etnosun yolunda təhlükəyə atır?

Saakyanın ABŞ-da normal qarşılanması, bir daha sübut etdi ki, Vaşinqton münaqişənin həll prosesində işğalçını öz adı ilə çağırmadı və hətta bundan sonrakı dönəmlərdə Qarabağ separatçılarının ABŞ-dan dövlət səviyyəsində yardım gözləntisi də yaranıb. Faktlar sübut edir ki, Saakyanın Amerika səfərinin pərdəarxası məqamları da var və bu, inkar edilə bilməz.

Saakyanın Amerika səfərinin pərdəarxası məqamları

Yerevanı özünün bölgədə "forpostu" adlandıran və daim onu himayə edən Rusiyadan fərqli olaraq, ABŞ-ın bu ölkə ilə bağlı hər hansı geosiyasi planı ola bilməz və Dağlıq Qarabağdakı separatçılara, ələlxüsus, Ermənistana müəyyən diqqət ayırmağa vadar edən bir səbəb varsa, bu da həmin ölkələrdə yaşayan erməni əsilli seçicilərdir. Bako Saakyanın növbəti ABŞ "səfər"inə də bu prizmadan yanaşmaq daha doğru olar. Sözsüz, bu fakt ABŞ hökumətini məsuliyyətdən tamamilə azad etmir. Amma seçici naminə demokratiyanı, insan haqlarını tapdalamasını ABŞ kimi bir dövlətə yaraşdırmaq çox çətin olsa da, reallıqla barışmaq məcburiyyətindəyik. ABŞ-ın güzəştə gedəcəyinə əmin olan həyasız ermənilər də bu səfərdən bir az "ağlaşma" qoparmaq, bir azca da dilənməkçün istifadə etmək niyyətindədirlər.

Amerika kimi dövlətin nəyinsə xatirinə bir qrup erməninin əlində qalması, bizim üçün arzuolunmaz olduğu kimi, ABŞ üçün daha çox acınacaqlıdır. Hər bir halda söhbət təkcə Azərbaycanın torpaqlarını işğal edənlərə yer ayrılmasından getmir. Əlbəttə, Azərbaycan öz konstitusion haqlarını tələb edir və qondarma dövlətin əldəqayırma prezidentinin qəbul etməsinə və ölkəmizə qarşı ikili standartlar həyata keçirilməsinə narazılığını bildirir. Amma məsələnin ABŞ üçün daha acınacaqlı məqamları var və qəbul etmək məcburiyyətindədirlər ki, bir ovuc erməni seçicisinin səsinə sahib çıxmaq üçün dövləti, onun gələcəyini, dəyərlərini özləri öz əlləri ilə təhlükəyə atırlar. Eyni zamanda, bu gün bütün dünyaya özünü ən demokratik dövlət kimi təqdim edən ABŞ nüfuzunu da itirmək təhlükəsi qarşısında qoyur. Belə davam edəcəksə, Azərbaycan kimi digər dövlətlər də ABŞ-ı, əslində, demokratik deyil, ikili standartlar siyasəti yürüdən bir dövlət kimi tanıyacaq və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın Vaşinqtona səfəri və onun Konqresdə keçirilən dinləmələrdə iştirakı dünyanın fövqəl, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin - ABŞ-ın nüfuzunu təhlükə altına alacaq.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...