Əli Kəriminin “siyasi məhbus”ları arasındakı terrorçu kimdir TƏRS BAXIŞ+FOTO

Yaxud, bir daha AXCP sədri tərəfindən aldadılmış dindarların nəzərinə!

AXCP sədri Əli Kəriminin "Milli Şura"nın piket təsiri bağışlayan mitiniqlərinə aldadılaraq, yəni küyə salınaraq qatılan və onun “siyasətinin” gerçək tərəfindən bixəbər olan bəzi dini inanclılar, xüsusilə Tale Bağırzadənin xarici qüvvələr tərəfindən yaradılmış “Müsəlman Birliyi Hərəkatı”nın tərəfdarları hələ də kimə və nəyə xidmət etdiklərinin fərqində deyillər. Hələ bir müddət öncə bəlli olmuşdu ki, “siyasi məhbus” və ya “vicdan məhbusu” kimi müxtəlif xarici təşkilatlara adları təqdim olunanların sırasında vaxtilə Suriya və İraqda vəhhabi təriqəti əsasında fəaliyyət göstərən terrorçuların cəmləşdiyi “İŞİD” şəbəkəsinin döyüşçüsü Əbu Cihadın da adı var.Yeri gəlmişkən, onu da xatırladaq ki, bu həmin Əbu Cihaddır ki, əsl adı və soyadı Eldəniz Məmmədovdur, Azərbaycan vətəndaşıdır və onu xüsusi xidmət orqanları keçirdikləri əməliyyatları sayəsində həbs ediblər. Beləliklə, həbs olunduqdan sonra boynunda onlarla öldürülmüş günahsız müsəlmanların qanı olan Əbu Cihad ləqəbli terrorçu həbs olunduqdan sonra nə qədər qəribə görünsə də, “vicdan” yaxud, “siyasi məhbusa” çevridi! Qəribədir deyilmi? Yəni çox qəribədir ki, bu gün bir tərəfdən vəhhabilərə də lənət oxuyan T.Bağırzadənin aldadılmış dindarları, o biri tərəfdən “Milli Şura”nın mitinqlərində “siyasi məhbuslara azadlıq” bağırarkən, elə həmin bu “İŞİD” terrorçusunun da dəyirmanına su tökmüş olurlar. İndi gəl, baş çıxar ki, bunlar vəhhabidirlər, yoxsa qeyrisi. Bu da öz yerində...

Yeri gəlmişkən, bu gün Ə.Kərimli üçün “siyahılara” kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmişi cani, qaniçən, terrorçu, insan qatili, insan ciyəri yeyən olsa belə! Kərimlinin maraqlandıran budur ki, əgər meydana yenə də az adam çıxacaqsa, onu bu istiqamətdə təlimatlandıranlar dərhal pul-parasını kəsəcəklər. Başqa tərəfdən, dini inanclılar da AXCP sədri tərəfindən aldadıldıqlarının fərqinə varmağa başlayıblar. Çünki fakt budur ki, Kərimli açıq-aydın şəkildə onları şəxsi mənfəətləri üçün istifadə edir. Xüsusilə, radikal-qaniçən vəhhabi sektasının keçmiş üzvünün adıçəkilən siyahıya əlavə edilməsi bu məsələni daha da akktuallaşdırıb. Artıq sosial şəbəkələrdə fəal olan dini kəsimin nümayəndələri Ə.Kərimlinin mitinqlərinə qatılmağı özlərinə böyük günah hesab etməyə başlayıblar.

Başqa tərəfdən, buna daha bir səbəb AXCP sədrinin mitinqə çağırış planına adlarını yazdığı dindarların bir qisminin İslam məzhəbləri baxımınan qatı şiə olmalarıdır. Yəni, Nardaran hadisələrinin təşkilatçısı T.Bağırzadə, eləcə də Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Lakin Əbu Cihad ləqəbli Eldəniz Məmmədov adlı “İŞİD”-çinin də həmin sıraya əlavə edilməsi Ə.Kərimlini necə deyərlər, ciddi şəkildə fiaskoya uğradıb və o, bütün mənalarda özünü “yandırıb”.

Beləliklə, bir daha Əbu Cihadın kim olduğunu daha müfəssəl şəkildə müəyyənləşdirək. Bu gün də “İnstagram” sosial şəbəkəsində “abu_cihadddd” adlı profilə daxil olsanız, orada tipik bir “İŞİD” terrorçusunun şəkillərini görəcəksiniz. Həmin terrorçu Eldəniz Məmmədovdur!

Və Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq, cinayət məsuliyyətinə cəlb edilən 38 yaşlı E.Məmmədov “siyasi məhbus”, “vicdan məhbusu”, “din məhbusu” yox, məhz və konkret olaraq qaniçən terrorçudur! O, nəninki şiə, eləcə də sünni məzhəbinin digər qolları olan şaafiləri, malikiləri, hənbəliləri, hənəfiləri, sufiləri və s. müsəlmanları da kafir, yolunu azmış sayan və qətlini vacib hesab edən “İŞİD” terror təşkilatının ideologiyası uğrunda savaşıb, insan qanları axıdıb. İndi isə Ə.Kərimlinin “mərhəmətinə” sığınaraq “vicdanlı” adama çevrilib...

Əlbəttə, belə olan vəziyyətdə, AXCP sədrinin vəziyyəti müşkülə düşüb və onun çıxılmaz halda nə edəcəyi, dini inanclılara hansı cavabı verəcəyi bəlli görünmür.

Görünən isə budur: Ə.Kərimli üçün maraqlı deyil, onun mitinqinə hansı məzhəbin nümayəndəsi gəldi, ya da gəlmədi, onun üçün maraqlı olan istədiyi adamları, hətta terrorçuları "siyasi məhbus" siyahısına salıb, Qərbdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycana qarşı çıxış edən dairələrdən pul qoparmaqdır. Buna isə həyasızlığın son həddi deyilir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə