Vidadi İsgəndərlinin qohumları onun yalanlarını ifşa etdilər FOTOLAR

“Ona lənət olsun ki, atasının qəbrindən çirkin siyasəti üçün istifadə edir”

Fransada “siyasi mühacir” adı altında yaşayan Vidadi İsgəndərlinin mərhum atasının qəbrinin guya təhqir olunması ilə bağlı qondarma iddiasını onun yaxınları və kənd sakinləri yalanlayıblar. SİA –ya daxil olan məlumata görə, bu günlərdə Göyçay rayonunun Məlikkənd kənd qəbirsatnlığı ziyarət edən və ruhuna dualar oxutduran kənd sakinləri və V.İsgəndərlinin qohumları öz açıqlamalarında bildiriblər ki, ümumiyyətlə, məlum videoçəkilişlər həmin məzarlıqda aparılmayıb. Onlar bunu belə izah ediblər ki, təxribat məqsədi daşıyan videoçəkilişlərdə xristian dininə mənsub olan insanların da qəbirləri kadrlara düşüb. Lakin kənd qəbirstanlığında xristianlıq dininə aid olan qəbirlər ümumiyyətlə mövcud deyil.

“Vidadi öz doğma kəndinə bomba atacaqsa, belə olan halda ermənini nədə qınamalıyam ki?!”

“Belə qəbirlər Ermənistanda olur, yaxşı olardı ki, ermənilərdən soruşulsun ki, onların qəbirlərini kimlər təhqir edib. Çünki Azərbaycanda belə hadisənin olması mümkünsüzdür”-deyə qeyd edən kənd sakinlərindən biri V.İsgəndərlinin mərhum atasının kifayət qədər tanınmış və nüfuzlu şəxs olduğunu deyib: “Biz, onun atasını da özünü də yaxşı tanıyırıq. Ölkəmiz hazırda işğalçı Ermənistanla müharibə şəraitindədir, torpaqlarımızın bir hissəsi işğal altındadır. Bizim kəndimizdən Qarabağa gedib şəhid olan kifayət qədər insanlarımız var. Vidadinin kənd haqqında yalan və təxribatçı məlumatlar yayması ona yaraşan hərəkət deyil”.

Həmçinin qeyd olunub ki, V.İsgəndərlinin atası hər kəsə öyüd və nəsihət verən şəxs kimi tanınıb, insanları doğru yola səsləyib. Bununla bağlı fikirlərini çatdıran keçmiş icra nümayəndəsi olan kənd sakini bildirib ki, hələ ona bu vəzifə verilərkən, V.İsgəndərlinin atası onu çağıraraq, vicdanla, məsuliyyətlə işləməsini ağsaqqal kimi tövsiyə edib. O, həmçinin bildirib ki, belə olan vəziyyətdə V.İsgəndərlinin davranışları kəndin adına ləkədir və çox ləyaqətsiz bir hərəkətdir: “Belə etmək olmaz, bu, yolverilməzdir. Bizlər əl-ələ verib düşmən üzərində qələbə qazanmalıyıq, ancaq bunun yerinə Vidadi xaricdə oturub, kəndə bomba atacağı ilə bağlı cəfəng fikirlər danışır. Yaxşı, əgər o öz doğma kəndinə bomba atacaqsa, belə olan halda ermənini nədə qınamalıyam ki? Əslində, Vidadi öz mərhum atasının da ruhunu bu cür yanlış davranışları ilə narahat edir. Bu qəbirstanlığa başqa heç bir insan girməyib, çünki yaxınlıqda yaşayan, hətta üzbə-üz yaşayan qonşular, məsələn Novruz kişi də var ki, bu sözlərimi təsdiq edərlər. Ümumiyyətlə, yad insan, tanınmayan bir kəs bu qəbirstanlığa girə də bilməz. Mən çox xahiş və tələb edirəm ki, belə söz-söhbətləri Vidadi yığışdırsın!”.

“Niyə o bizi, kənd sakinlərini, qohumlarını təhqir edir?!”

Digər kənd sakini də qeyd edib ki, Məlikkənd kəndində iki qəbirstanlıq mövcuddur. Hazırda ziyarət edilən qəbirstanlıq isə V.İsgəndərlinin atasının uyuduğu qəbirstanlıqdır: “Bu gün Vidadi xaricdə rahatca şəkildə oturub doğma kəndini bombalayacağını deyir. Bununla həm öz atasının, həm də rəhmətə getmiş digər kənd sakinlərinin ruhlarını təhqir edir. Axı bizim də ölülərimiz burada yatırlar. Mənim də qohum-əqrabalarım burada uyuyurlar. Əgər V.İsgəndərli bu qədər narahatdırsa, nəyə görə gəlib atasının məzarının keşiyini çəkmir, yaxud, onun buradakı qohumları da narahat olsaydılar, hər halda bu məzarın başında dayanıb, onun keşiyini çəkib-qoruyardılar. Ancaq ortada heç bir hadisənin olmadığı vəziyyətdə Vidadinin belə hay-haray salması bəlli məqsədlərə xidmət edir. Xarici saytlarda, sosial şəbəkələrdə, internetdə ancaq və ancaq Vidadinin yalanları barədə xəbərlər yayılır. Niyə o bizi, kənd sakinlərini, qohumlarını təhqir edir?! Kəndimizin ağsaqqalları, ziyalıları var ki, onların da mənlikləri tapdalanır. Sənin bütün qohum-əqrabaların buradadır və onların hər biri bu kəndin çörəyini yeyir, suyunu içir. Biz sənin yalanlarına görə nəyə görə bir-birimizi təhqir etməliyik?! Axı nə baş verib ki, burada cinayət işi açılmalıdır?! İndi Vidadi bombasını hansı qəbirə atacaq?! Əgər düşünürsə ki, bu camaatı dağıdacaq, qoy dağıtsın, görək haraya qədər gedib çıxacaq bu iddiaları ilə...”.

“Əgər Vidadi siyasətlə məşğul olmaq istəyirsə, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın!”

Kənd sakinlərindən digəri də çıxış edərək bildirib ki, xalqımız hər zaman öz mərhum insanlarının ruhlarına hörmətlə yanaşıb, belə də olacaq: “Xüsusilə, kəndlərimizdə hər zaman bunu müşahidə etmişik. Hətta tanımadığımız bir insan rəhmətə gedəndə onun yaxınlarına baş sağlığı verib, dərdlərini bölüşmüşük. Tanımadığımız qəbirlərin üzərində “Yasin” surəsini oxumuşuq. Əgər Vidadi siyasətlə məşğul olmaq istəyirsə, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın! Bu bayram ərəfəsində insanlar öz mərhumlarının məzarlarını ziyarət edirlər, biz də ziyarətə gəlmişik və bu gün İsgəndər müəllimin qəbrinin tər-təmiz olduğunun şahidi olmuşuq və onun ruhuna fatihə oxumuşuq. Öz çirkin siyasətini kəndin adına çıxarmaqla Vidadi özünü daha da ifşa etmiş olur. Biz, belə hərəkət edənlərə lənət oxuyuruq”.

“İstəyir kəndimizin adına, istəyirsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyasət yürütmək heç bir kişiyə yaraşan hərəkət deyil”

Daha bir Məlikkənd sakini çıxış edərək deyib ki, kənd qəbirstanlığı birbaşa mərkəzi hissədə yerləşir. “İnana bilmirik ki, kimsə kənardan gəlib bizim kənd qəbirstanlığında nanəcib işlərlə məşğul ola bilsin”-deyə qeyd edən kənd sakini bu cür nalayiq hərəkətlərin baş verəcəyinə inanmadığını bildirib: “Biz, belə yalan məlumatları yayan V.İsgəndərlini bu cür yaramaz hərəkətlərdən əl çəkməyə çağırırıq. İstəyir kəndimizin adına, istəyirsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyasət yürütmək heç bir kişiyə yaraşan hərəkət deyil. Biz İsgəndər kişinin adına, kəndimizin adına yayılan təxribatçı videonu ictimailəşdirənləri lənətləyirik. Bu siyasət deyil, bu çirkabdır. Vidadinin iddialarına gələndə onu demək istəyirəm ki, nə kənd camaatı buna imkan verməz, nə kimsə bunu edə də bilməz, nə də hökumətimiz belə şeylərə imkan yaratmaz. Videoçəkilişdə olan qəbirstanlıqda xaç şəkli var, ora bizim qəbirstanlıq deyil”.

Sonda Vidadi İsgəndərlinin atasının qəbri ətrafına yığılan kənd sakinləri bir oğulun öz atasının qəbrindən sui-istifadə edərək, kimlərəsə siyasi divident qazandırmağın ən rəzil iş olduğunu birlikdə bəyan edərək, V.İsgəndərlini sərt şəkildə qınayıblar. “Ayıb olsun ona ki, ölüsündən istifadə edib, siyasətə qoşulur”-deyə kənd camaatı bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə