Cümhuriyyət dövrünün fədakar qadını AXC - 100

XX əsrin ikinci onilliyi Azərbaycan tarixində dərin izlər buraxıb. 1918-ci ilin birinci yarısında baş vermiş tarixi hadisələrdən biri faciə, insanlıq əleyhinə cinayət, soyqırımı idisə, digəri qürur və iftixar tariximiz idi. 1918-ci ildə Azərbaycan xalqı həm 31 Mart Soyqırımına məruz qalıb, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. 1918-ci il mayın 28-də bütün Şərq dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdəndir. Çox təəssüf ki, az vaxtdan sonra - 1920-ci ilin aprelində bu respublika süqut etdi.

XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək, yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verirdi. Təsadüfi deyil ki, respublikamızda hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin bir zamanda yaransa da, bu yolda mücadilə edən insanlar heç bir hədədən, işgəncədən qoxmayaraq, mübrizəni davam etdirirdilər. Azərbaycanın bəzi fədakar qadınları da qeyri-cinsin nümayəndələri ilə bərabər çaılşırdılar. Azərbaycanın ilk qadın pedaqoqu, jurnalist, tərcüməçi və ictimai xadim Mədinə xanım Qiyasbəyli də bu sırada olan mübariz qadınlarımızdan idi. Mədinə Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Atası Mehdi ağa Vəkilov yeganə qızı olan Mədinəyə mükəmməl təhsil vermək istəyirdi. Odur ki, Tiflisə aparıb "Müqəddəs Nina" qızlar məktəbinə qoyur. 1904-cü ildə Tiflisdə Müqəddəs Nina təhsil müəssisəsini bitirdikdən sonra Mədinə xanım gimnaziyada birillik əlavə kursa daxil olmağı qət edir, onun bu məqsədi atasının ürəyincə olur. Rus dili və ilahiyyat fənlərini "əla" qiymətlərlə başa vuran Mədinə xanım bu attestatla ona "ev müəlliməsi" kimi fəaliyyət göstərə bilərdi.

Aldığı təhsil ona kənddə qızlar üçün ibtidai məktəb açmaq imkanı verir. Lakin kəndin mövhumatçıları tərəfindən qızların məktəbə getməsi fikri yaxşı qarşılanmır. Belə olduqda, Mədinə xanım işə qohum ailələrdən başlayır. Beləliklə, 1906-cı ilin yanvarında Salahlıda kənd yerində İbtidai Qız Məktəbi fəaliyyətə başlamışdı. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı, əmək və nəğmə dərsləri də keçirilirdi. O zaman türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı-təhsilli meşəbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəb tez bir zamanda qəzada məşhurlaşıb nüfuz qazanır və bu təhsil ocağı qəza Maarif İdarəsi tərəfindən rəsmiləşdirilir. Mədinə xanım Salahlı Qız Məktəbinin müdiri və müəlliməsi təyin edilir.

Mədinə xanım 20 yaşında Dağkəsəmənli Şəhriyar bəylə ailə həyatı qurur. Şəhriyar bəy Qori Seminariyasını 1890-cı ildə bitirmiş, bir ara müəllimlik eləmişdi. Qazax qəzası rəisi ştab-kapitan Reuttun dəftərxanasında dilmanc işləyirdi. Ziyalı və mədəni bir adam kimi bütün qəzada tanınırdı. Dağ Kəsəmənə-Qiyasbəylilərə gəlin köçən Mədinə xanım qızlar üçün məktəb açır, burada eyni işlərini davam etdirir. 1916-cı ilin iyulunda atası Mehdi ağa yaşayıb-işlədiyi Əksiparada qətlə yetirilir. Bu, Mədinə xanımın həyatda yeniyetmə ikən ölən qardaşlarının, sevimli anasının ölümündən sonra aldığı növbəti ağır itki olur. 1917-ci ilin iyununda həyat yoldaşı Şəhriyar vərəm xəstəliyindən vəfat edir. Mədinə xanım çox keçmir ki, maarif cəbhəsinə girməyi qərara alır və qüvvəsini Tiflisdə sınayır. Bir neçə ay Zaqafqaziya Komissarlığında çalışır. Zaqafqaziya üç yerə parçalandıqdan sonra, o da Qazağa qayıdır. Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilən Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla çiyin-çiyinə bir ilə yaxın var qüvvəsini əsirgəmədən çalışır. Mədinə xanımın siyasi məsələlərlə yaxından maraqlanması bu dövrə təsadüf edir. Bir əyalət ziyalısı kimi Qafqazda və Rusiyada gedən prosesləri bacardığı qədər izləyir. Siyasi görüşləri etibarilə milliyyətçi bir adam olan Mədinə xanım Azərbaycanın istiqlalının qızğın tərəfdarı idi. 1919-cu ildə Qafqazın türk ziyalı elitasının Bakıya cəmləşməkdə olduğu bir dövrdə uşaqlarını da götürüb bu şəhərə gəlir. Qohumu Gövhər xanım Usubova ilə əl-ələ verərək, paytaxtın mədəni həyatına qoşulur. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək, mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil edir və martın 10-da onun

rəsmiləşdirilməsinə nail olur. Mədinə xanım axşam kursunun müəlliməsi təyin edilir. Qısa bir müddət ərzində bura savadlanmaq arzusunada olan 20 nəfərə yaxın qadın cəlb edə bilir. Kursda Üzeyir Hacıbəyov, Xədicə xanım Ağayeva və Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.

Onun həyatını əks etdirən materiallarda göstərilir ki, Mədinə və Gövhər millət üçün bu faydalı təşəbbüslərində nə qədər maneələri dəf etməli olurdular. Qəfildən çevriliş baş verir, Milli Hökumət devrilir, Sovet hakimiyyəti elan edilir. 1920-ci il dekabrın 20-də Mədinə xanım Qiyasbəyli Darülmüəllimatın müdirəsi və müəlliməsi, əri yeni hökumət tərəfindən Nargində güllələndikdən sonra dul qalmış Gövhər xanım Usubova isə onun müavini təyin edilirlər. Bu təhsil ocağında Azərbaycanın hər yerində açılmalı olan qız məktəbləri üçün müəllimələr hazırlanacaqdı. Zarafat deyildi, bütün Şərqdə ilk dəfə, məhz Bakıda-Azərbaycanda qızların öz dilində ali təhsil almaq imkanlarının təməli qoyulurdu. Bu təməl daşlarını qoymaq Mədinə xanımın taleyinə yazılmışdı. Mədinə xanım buraya tanınmış qadın pedaqoqlardan Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağayeva, Sara xanım Talışinskaya, Badusəba xanım Köçərli və Fatma xanım Topçubaşovanı cəlb edir.

Darülmüəlliamatda, eyni zamanda, digər türk və müsəlman cümhuriyyətlərindən qızlar gəlib təhsil alırdılar. Məktəbin şöhrəti Azərbaycanın hüdudlarınadan uzaqlara yayılır. 1926-cı ilin sentyabrında Mədinə xanımı köhnə ziyalı nəslinə mənsub olduğuna görə müdirəlikdən götürürlər. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir. Ancaq Mədinə xanım rus dili müəlliməsi kimi seminariyada qalır. Məktəbin adı dəyişdirilib "Pedaqoji Texnikum" qoyulur. 1928-ci ildə onu texnikumun binasındakı otaqlarınadan çıxarıb, Proletar küçəsindəki ikiotaqlı mənzilə köçürürlər.

1932-ci ilin noyabrında tramvaydan düşərkən yıxılır, onurğa sütunundan ağır zədə alır. Tramavay qəzasından sonra məktəblərə gedib-gəlməyi çətinləşir. Müəllimlik peşəsindən ayrılaraq, tərcüməçiliklə məşğul olur. Səməd Vurğunun vasitəsi ilə o çağın tanınmış rus şairlərindən N.Aseyev, V.Luqovskoy ilə yaxından tanış olmuşdu. Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin rus dilinə tərcümə olunmasında onlara böyük köməyi dəymişdi. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin bir çox şeirləri, M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanları rus oxucusuna Mədinə xanımın qələmi ilə çatdırılır: "Yevgeni Onegin"in çevrilməsində rus dilinin incəliklərinə vararkən, çətinliklərlə üzləşən Səməd Vurğunun ən yaxın məsləhətçisi Mədinə xanım idi. Mədinə xanım barəsində MTN arxivində saxlanılan və

1933-cü ildə tərtiblənmiş 16548 saylı formulyardakı xüsusi materiallardan anlaşılır ki, o, hələ 1925-ci ildə Azərbaycan DSİ və XDİK orqanları tərəfindən qeydiyyata alınmışdı və həbs edilənədək, yəni 1938-ci ilədək gücləndirilmiş agentura ilə əhatə edilmişdi. Bu dövrdə hər bir addımı ciddi müşahidə altında olmuşdu.

1936-cı ilin soyuq bir qış günü dekabrın 8-də həbs edilir və 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirilir. Heç bir əsas, dəlil-sübut olmadan, böhtan atılaraq, 45 yaşında olan Mədinə xanım Qiyasbəyli 1937-ci il sentyabrın 28-də güllələnmişdir. Mədinə Qiyasbəyli haqqında çıxarılmış hökm 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilərək, ona bəraət verilir.

Bəli, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu şərəfli tariximiizin qeyd edilməsi, onun gənc nəslə təbliğ olunması məqsədilə, artıq uzun illərdir ki, xüsusilə, müstəqillik illərindən sonra məqsədyönlü addımlar atılır və ciddi işlər görülür. Bu gün belə insanların həyatı və keçdiyi böyük yol gənclərə bir nümunə olaraq təqdim olunur. Xalqımızın yetişdirdiyi belə xanımlar əməyi və qətiyyəti iradəsi ilə yaddaşlarda əbədi həkk olunublar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə