Monteneqro Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Martın 14-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında müzakirələr aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan və Monteneqro arasında əlaqələrin genişləndirilməsində ikitərəfli görüşlərin mühüm rol oynadığını qeyd edib, bunun iqtisadi əməkdaşlığın inkişafına, habelə yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib. Qeyd olunub ki, bugünə kimi ölkələrimiz arasında 16 sənəd imzalanıb. Həmin sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Söhbət zamanı Azərbaycanda həyata keçirilən hüquqi, iqtisadi, demokratik islahatlar barədə qonaqlara ətraflı məlumat verilib, xarici sərmayədarlar üçün əlverişli şərait olduğu diqqətə çatdırılıb.

Oqtay Əsədov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç ölkəsinin Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük önəm verdiyini vurğulayıb. Bildirib ki, Monteneqro ilə Azərbaycan arasında siyasi əlaqələrin sürətli inkişafı əməkdaşlığın bütün sahələrdə genişlənməsinə təkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə