Bakıda beynəlxalq elmi konfrans işə başlayıb TƏDBİR-FOTOLAR

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib. Dahi şairimizi bir sıra məşhur ədəbiyyatçılarla müqayisə edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri adlandırıb. O deyib: “Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə Nizami Gəncəvi isə ədəbi şöhrəti, qələmi, bədii istedadı ilə dünyanı fəth edə biliblər”.

Akademik diqqətə çatdırıb ki, Nizami Gəncəvinin beş ölməz poeması dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Bu poemalar “Xəmsə” adı altında dünya xalqlarının ədəbiyyatlarında məşhur olub.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Tədbir digər çıxışlarla davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...