AXCP üzvü kimə od püskürdü? İTTİHAM

Son günlər istər sosial şəbəkələrdə, istərsə də özlərinə mənsub olan müxtəlif internet-informasiya resurslarında onlara dəstək verməyən insanların şərəf və ləyaqətlərini alçaldan, söyüş və təhqir qrupları vasitəsi ilə “siyasət” yürüdən tərəflər, daha dəqiq desək, radikal və dağıdıcı müxalifət tərəfdarları ictimai rəyin kəskin qınağına tuş gəlməkdədirlər. Belə şəxslərin arxasında xüsusilə, radikal müxalifət “liderlərinin” dayandıqlarına şübhə etməyən jurnalistlər, media adamları, müxalifətyönlü partiya təmsilçiləri və bir sıra ictimaiyyətçi ziyalılar hesab edirlər ki, onlar “söyüş maşınına” çevrilməklə, cəmiyyəti bilərəkdən deqradasiyaya sürükləməyə çalışırlar.

Rəfail Becanov: “O adamları manqurtlaşdırıblar, öz iradələri yoxdur, diktəni yerinə yetirirlər, söyüşə, yalana, böhtana vərdiş etdiriblər”

SİA xəbər verir ki, bənzər fikirlərlə alternativ AXCP-nin üzvü, “Cümhuriyyət” qəzetinin baş yazarı Rəfail Becanov da çıxış edib. Baş verən proseslərlə bağlı digər müxalifətyönlü informasiya saytına danışan qəzet baş redaktora görə də bir qrup adam var ki, “söyüş makinası”na çevrilib cəmiyyəti deqradasiyaya sürükləmək istəyir. “Vətənpərvərlik pərdəsinə bürünməklə insanları aldatmağa davam edirlər”-deyən alternativ cəbhəçiyə görə, 25 ildir onların bu əməllərini görürük, deyirik, yazırıq: “Ətraflarında qalan o azsaylı adamlarını qorxutmaqla, şantajla “mən deyəni deməlisən” prinsipilə özlərindən asılı vəziyyətə salıblar. Əslində, onlara da adamın rəhmi gəlir. O adamları manqurtlaşdırıblar, öz iradələri yoxdur, diktəni yerinə yetirirlər, söyüşə, yalana, böhtana vərdiş etdiriblər. Kimdən xoşları gəlmirsə, kim onlar deyəni demirsə, onlar kimi düşünmürsə, bu manqurtlaşmış dəstənin hücumunu təşkil edirlər”.

O, həmçnin bildirib ki, belələri demokratiyadan, söz azadlığından pafosla, ağızdolusu danışırlar. Ancaq əllərinə imkan düşərsə, qan töküb, baş kəsərlər: ““Milli Şura” adlı yığnaqda cəmləşiblər. Nə istəyirlər, nədən istəyirlər? Bu adamların əlində bir günlük imkan olsa, dünyanı yerindən oyanadar, baş kəsər, qan tökər, uf da deməzlər..!”

“Demokratiyadan danışıb antidemokratik hərəkətlər bu adamların tipini təyin edir, onları çılpaqlıqla cəmiyyətə tanıdır”

Belələrini müxalifət adı altında yalıncıqlıq etdiklərini də bildirən Becanov iqtidarı, yaxud digər siyasi-ictimai tərəflərin tənqid olunmasını demokratiyanın göstəricisi olaraq qəbul etdiyini desə də, təhqirlərin yolverilməz olduğunu bildirib və təhqir edən, yaxud etdirən sözdə müxalifətçilərin Azərbaycan cəmiyyətinə yararlı şəxslər olmadığını vurğulayıb. “Bu yalıncıqları çoxdan tanıyırıq”-deyən müxalifətyönlü baş redaktor mübarizənin söyüşlə və şantajla, qurşaqdan aşağı aparılmasının qəbuledilməz olduğunu deyib: “Cəmiyyəti buna öyrətməklə özünü demokratiya carçısı sayanlar əksinə, demokratiyanı ən böyük zərbə altına qoyanlardır. “Çatana çat, çatmayana bir daş at” məsəlindəki kimi, elə kim gəldi söydürmək, şantaj etdirmək nə siyasətdir, nə də mübarizə. Əksinə, demokratiyadan danışıb antidemokratik hərəkətlər bu adamların tipini təyin edir, onları çılpaqlıqla cəmiyyətə tanıdır. Nəticəsi də göz önündədir”.

“Sizin yeriniz elə öz yığnağınız, öz “Şuranızdır”

R.Becanov eyni zamanda, AXCP sədri Əli Kərimlinin, onun ətrafı sayılan Cəmil Həsənlinin və s. dəstəkçilərinin çamur yığnağı olduğunu deyib və yerlərinin də elə “Milli Şura” kimi lüzumsuz qurum olduğunu qeyd edib: “Sizin yeriniz elə öz yığnağınız, öz “Şuranızdır”. Orada danışın, dincəlin, yenə danışın, özünüz deyin, özünüz eşidin...”

Göründüyü kimi, hətta siyasi mövqeləri müxalifətçilik olan, lakin bu mövqelərini sağlam şəkildə yürüdən tərəflər də radikalizm, dağıdıcılıq prinsiplərini rədd edir, bu yolda olanları normal cəmiyyəti təmsil etmədiklərini bildirirlər.. Söz yox ki, sağlam düşüncəli ictimai rəy də bu fikirdədir və belələrinin siyasi arenada məhz siyasi ölümlə üzləşəcəkləri qənaətindədirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...