Hər seçki demokratiya yolunda atılan növbəti addım olub DİASPORA

Naibə Hacıyeva: “Səfirliklərdə də xaricdəki soydaşlarımızın səs verməsi üçün təşkilati işlər görülür”

“Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin ölkənin demokratik inkişafında çox böyük rolu var”. SİA xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, diaspora fəalı Naibə Hacıyeva deyib. Cəmiyyət sədrinin sözlərinə görə, ölkəmizdə müstəqilik bərpa olduqdan sonra, Azərbaycanda dəfələrlə seçkilər keçirilib və əsasən, 1993-cü ildən hazırkı dövrə qədər keçirilən bütün seçkilər demokratik dəyərlərə cavab verib.

Naibə Hacıyeva həmçinin qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda istər seçkilər, istərsə də digər əhəmiyyətli ictimai-siyasi və s. xarakterli tədbirlər keçirilərkən, Almaniyada yaşayan həmvətənlərimiz bu həmin prosesləri diqqətlə izləyirlər. Bu baxımdan, Azərbaycan növbəti Prezident seçkiləri ərəfəsində bir daha azad, demokratik və şəffaf seçkilərin keçiriləcəyini dünyaya sübut edəcək. Çünki bunun üçün hər bir münbit şərait mövcuddur. SİTAT: “Almaniyada yaşamağıma baxmayaraq, ölkədə seçki ilə bağlı gedən bütün prosesləri izləyirəm. Azərbaycanda keçirilən hər seçki demokratiya yolunda atılan növbəti addım olub. Ölkədə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımı şərait yaradılır. Eyni zamanda, səfirliklərdə də xaricdəki soydaşlarımızın səs verməsi üçün təşkilati işlər görülür. Hər kəs seçkidə iştirak edib öz səsini verir. İnanıram ki, Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında daha bir mühüm addım olacaq”.

Naibə Hacıyeva eyni zamanda bildirib ki, bütün bu kimi nailiyyətlərin əldə olunması Azərbaycanın inkişafı və tərəqqisi ilə də əlaqələndirilə bilər. Belə ki, ölkəmiz istər regional, istərsə də beynəlxalq layihələrdə təşəbbüskar qismində çıxış edir, bununla da inkişafın lokomotivi rolunu oynayır. “Azərbaycan azad və demokratik, sürətlə inkişaf edən bir ölkədir”-deyə vurğulayan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri əldə edilən nailiyyətlərin dünya miqyasında yüksək dəyərləndirildiyini də deyib: “Azərbaycan bir çox regional və beynəlxalq layihələrdə aparıcı ölkə qismində iştirak edir. Ölkəmizin həyata keçirdiyi layihələr, o cümlədən keçirilən seçkilər dünya səviyyəsində müsbət qiymətləndirilir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə