MSK katibi: “KİV nümayəndələri prosesi şəffaf izləmək imkanına malikdir" YENİLƏNİR

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayının 5-də imzaladığı Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası (MSK) fevral ayının 6-da “Təqvim Planı” tərtib etdi və MSK-nın iclasında bu qəbul olundu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, proseslər MSK-nın qəbul etdiyi “Təqvim Planı”na uyğun olaraq Seçki Məcəlləsinin tələbləri üzərində qurulub: “Artıq bir aydan artıqdır ki, biz bu prosesləri davam etdiririk. Bildiyiniz kimi artıq namizədlərin irəli sürülməsi mərhələsi başa çatıb. Ötən gün saat 18:00-a qədər namizəd olmaq istəyən şəxslər onlara verilmiş imza vərəqələri və zəruri olan sənədləri MSK-ya təqdim etməyinin vaxtı bitdi. Qeyd etmək istəyirəm ki, bu günə qədər bizə müraciət etmiş 15 namizəd olmaq istəyən vətəndaşımızdan 7 nəfərini artıq biz qeydə almışıq. Bunlardan 5 nəfəri siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülüb. Bir nəfəri öz təşəbbüsü ilə namizədliyini irəli sürüb digəri isə təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülüb. Üç nəfərin sənədlərinə isə MSK-da baxılır. Bizim Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizəd olmaq istəyən vətəndaşımızın sənədlərinə bir həftə ərzində baxılır. Bir həftədən sonra isə uyğun qərar (ya imzadan imtina olunur və yaxud da namizədliyi təsdiq olunur) qəbul olunur. Hazırda bu proses davam edir.

Qeyd etmək istəyirəm ki, əvvəlki həftə ərzində də müraciət etmiş namizədlərin sənədlərinin yoxlanılması prosesi keçirildi. Proses kifayət qədər aşkar və demokratik şəraitdə keçirilib. Həm imzatoplama, həm də imzaların yoxlanılması kampaniyası kütləvi informasiya vasitələrinin müşahidəsi altında həyata keçirildi. İstər yerlərdə imzatoplama kampaniyasının şəffaf və Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması ilə bağlı görülən işlər, istərsə də MSK-da ekspertlərin uyğun fəaliyyəti kifayət qədər aşkarlıq şəraitində qurulub. İstənilən Azərbaycan vətəndaşı, seçki subyekti, müşahidəçilər, namizədlər, namizədin səlahiyyətli nümayəndələri, KİV nümayəndələri bu prosesi şəffaf izləmək imkanına malikdirlər.

Bütün bunlara baxmayaraq MSK sədri Məzahir Pənahov komissiyanın iclasında da həm jurnalistlərə, həm də seçki subyektlərinə müraciət etdi ki, prosesi izləmək istəyən hər bir vətəndaşa, subyektə o şərait yaradılıb və istifadə edə bilərsiniz. İmztoplama kampaniyası boyunca bir dəfə də olsun MSK-ya hansısa müraciət, şikayət və bu istiqamətdə narazılıq ifadə edə bilən müraciət daxil olmayıb. O cümlədən imzaların yoxlanılması kampaniyasında kifayət qədər mətbuatın, namizədlərin, namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakına şərait yaradıldı. Xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi həmin prosesləri izlədi. Təbii ki, proses bu gün də davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...