Rasim Musabəyov: “Artıq çoxtərəfli əməkdaşlıq baş tutur” AÇIQLAMA

“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü onu deməyə əsas verir ki, artıq çoxtərəfli əməkdaşlıq baş tutur”. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan bu tərəfdaşlıqda çox mühüm bir rol oynayır: "Bu, eyni zamanda o deməkdir ki, qabarıq şəkildə Ermənistanın yaramaz siyasətinin nəticəsində təcrid olunmasının bariz nümunəsidir. Bu, tək iqtisadi və nəqliyyat sahəsində deyil, eyni zamanda təhlükəsizlik məsələlərini də çoxtərəfli formatda müzakirə etməyə və onun təminatı ilə bağlı hansısa bir əməkdaşlığın aparılmasına yol açacaq. Bu baxımdan görüş çox mühümdür. Həmçinin Azərbaycanın həm regional, həm də regionda daha geniş müstəvidə beynəlxalq rolunun nümayişidir".

R.Musabəyov əlavə edib ki, dördtərəfli görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rola malik olduğunu düşünmür: "Çünki hamı anlayır ki, ermənilər aranı qarışdırıb. Təbii ki, onların arxasında da Rusiyanın və erməni diasporunun dəstəyi dayanır. Bu format çərçivəsində o amilləri aradan götürmək qeyri-mümkündür. Ancaq fərz edirəm ki, ermənilərin heç yerə sığışmayan iddiaları və pozucu fəaliyyəti də nəzərdə keçiriləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...