MSK üzvü: “Seçkilərin keçirilməsi üçün hüquqi baza yaradılıb" MÜSAHİBƏ - SƏS TV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimovun SİA-ya müsahibəsi:

- Ramiz müəllim, bildiyiniz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq işləri ilə bağlı məlumat verməyinizi xahiş edərdik.

- Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından sonra Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Azərbaycanda Respublikasında prezident seçkiləri 11 aprel 2018-ci il tarixinə təyin edilib. Seçkilərin təyin edilməsi ilə eyni vaxtda MSK seçkilərin hazırlanmasını və keçirilməsini Təqvim Planında təsdiq edib. Təqvim Planına uyğun olaraq komissiya tərəfindən müəyyən hazırlıq hərəkətləri, eyni zamanda maarifləndirmə tədbirləri həyata keçirilir. Maarifləndirmə tədbirləri sırasında bu qərardan dərhal sonra MSK tərəfindən Dairə Seçki Komissiyasının (DSK) sədrləri üçün respublika mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri səviyyəsində seminar-müşavirə keçirilib. Bundan sonra isə həmin formatda yerli DSK-nın üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün üç günlük seminar-müşavirə keçirlib. Bu bütün respublikanı əhatə etmişdir. Seminar çox yüksək səviyyədə keçdi və maraqla dinlənildi. Orada iştirakçıları maraqlandıran bütün suallara tərəfimizdən cavab verilmişdir. Eyni zamanda qeyd etməliyəm ki, seçkilərin keçirilməsi üçün hüquqi baza yaradılıb. MSK tərəfindən bu seçkilərin başlanğıcı ərəfəsində yeni Seçki Məcəlləsi çapdan çıxıb. Bununla belə prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar təlimat, qayda, izahlar hamısı yenilənib və son dövrlərdə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı həmin təmimatlarda da müvafiq əlavələr və dəyişikliklər edilib.

Yerlərdə keçirilən seminar-müşavirələrdə əsas mövzu kütləvi informasiya vasitələrinin seçkilərdə rolu ilə bağlı olub. Yəni KİV-lərin bu seçkilərin şəffaf və aşkar keçirilməsi üçün xidmətləri danılmazdır. Ona görə də bu hazırlıq işləri gedir. MSK tərəfindən seçicilərin seçici siyahılarına daxil edilməsi ilə bağlı televiziyada video-çarxlar nümayiş etdirilir, çoxlu sayda plakatlar hazırlanıb və paylanılıb. Həmçinin MSK bu istiqamətdə digər məsələlərin də həll edilməsi işlərini görür. Yaxın günlərdə də seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılmasına həsr olunmuş üç günlük seminar-müşavirələr keçiriləcək.

- Hər seçkilərdə MSK müəyyən yeniliklər həyata keçirir. Bu il seçkilərdə hansı yeniliklərin tətbiqi gözlənilir?

- MSK sırf seçki qanunvericiliyinin tətbiqi ilə məşğul olur və o qanunvericilikdə nəzərdə tutulan məsələlərin yəni seçkilərin hazırlanıb keçirilməsini təmin edir. Bizim əvvəllər olduğu kimi bu il seçkilərin şəffaf və aşkar keçirilməsi üçün yenə də min məntəqədə veb-kameraların quraşdırılması, eləcə də seçkilərə arzu edən Azərbaycan Respublikası vətəndaşlarının müşahidəçi statusunda cəlb edilməsi, onların qeydiyyatdan keçirilməsi, həmçinin seçkilərdə seçici siyahılarının tərtib olunması və onların DSK-dan MSK-ya oradan isə yerlərə çatdırılması istiqmətində işlər aparılır. Bu yaxında MSK bu məsələ ilə bağlı qərar qəbul etdi. Bu qərara əsasən fevral ayının 3-nə kimi ümumi seçici siyahıları artıq təqdim olunmalıdır ki, yerlərdə səsverməyə 35 gün qalanadək o siyahılarla seçiciləri tanış ola bilsinlər. Bununla belə hal-hazırda MSK-nın “Qaynar xətti”, internet saytı fəaliyyət göstərir. Burada da seçicilər öz adları ilə bağlı yəni onların seçici siyahısında olub-olmaması ilə bağlı MSK-ya istənilən vaxt müraciət edib həmin məsələlərin həllinə nail ola bilərlər.

- Seçkilərdə şəffaflığın təmini istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

- MSK-nın gördüyü işlərin böyük əksəriyyəti seçkilərdə şəffaflığın və aşkarlığın təmin edilməsi məqsədini güdür. Hətta bizim ilk seminar-müşavirəmizdə MSK həmin proqrama “KİV-lərin seçkilərdə rolu” mövzusunu da əlavə etmişdi. MSK-nın bütün tədbirləri, o cümlədən seçki prosesi KİV tərəfindən işıqlandırılır və geniş ictimaiyyətə çatdırılır. Hər dəfə də MSK-nın sədri Məzahir Pənahov tərəfindən bütün iclaslarda da vurğulanır ki, biz Seçki Məcəlləsində göstərilənlərdən əlavə KİV nümayəndələrinə müşahidəçi statusu da vermişik ki, onlar bu seçkiləri müşahidə edə bilərlər. Bundan əlavə seçkilərin keçirilməsində aşkarlığın təmin edilməsi ilə bağlı yəni insanların ərizə və şikayətlərinə baxılması barədə tədbirlər görülür. Bunun üçün MSK-nın nəzdində yenə də seçkilərin elan olunmasından dərhal sonra vətəndaşların seçki hüquqlarının pozulmasının araşdırılması və müvafiq qərarların qəbul edilməsi məqsədilə 9 nəfərdən ibarət əsasən hüquqşünaslardan olan ekspert qrupu yaradılıb. DSK-da üç nəfərdən ibarət bu kimi qruplar yaradılıb. Seçici siyahılarının vətəndaşlara təqdim olunması, eyni zamanda seçicilər üçün seçki komissiyalarının işlərinin açıq olması təmin edilmişdir. Bu istiqamətdə MSK bütün seçki qanunvericiliyinə nəzərdə tutulan tələblərə riayət edir ki, hər bir seçici üçün seçki komissiyaları tərəfindən həyata keçirilən hərəkətlər açıq və şəffaf olsun.

- Namizədlərin qeydiyyatı məsələsi hazırda hansı mərhələdədir?

- Namizədlərin qeydə alınması məsələsi ilə bağlı qeyd etmək istərdim ki, hazırda namizədlərin irəli sürülməsi prosesi gedir. Bu günə qədər 13 namizəd irəli sürülüb və MSK tərəfindən onların namizədliyi təsdiq olunub. Həmin namizədlərə seçici imzalarının toplanması üçün vərəqələr verilib. Namizədlər o seçici imzalarını topladıqdan sonra onları müvafiq sənədlərlə MSK-ya təqdim etməlidirlər ki, MSK-nın nəzdində yaradılmış İşçi qrupu həmin sənədlərlə tanış olub, oradakı məlumatları yoxlayıb həmin namizədlərin prezidentliyə namizəd kimi qeydə alınması barədə MSK-nın iclasında məsələ müzakirə etsinlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...