“Əfv Sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək”

“Əfv Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Əgər Novruz bayramına qədər müraciətlərə baxılma prosesi başa çatdırılacaqsa, sərəncam Novruz bayramı ərəfəsində verilə bilər. Bütövlükdə müraciətlərə baxılması davam edəcəksə, əfv sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək. Təbii ki, əfv sərəncamının verilməsi Prezidentin səlahiyyətlərinə aid olan məsələdir”. SİA-nın verdiyi məlumata görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əsasnaməyə əsasən, müraciətlərin hər birinə baxılması, araşdırılması və müvafiq rəyin hazırlanması üçün müəyyən vaxt lazımdır: “Komissiyanın Katibliyi və Əfv sektoru fasiləsiz olaraq çalışır və müraciətləri emal edərək Komissiyaya təqdim edir.

Əfv sərəncamının imzalanması cənab Prezidentin müstəsna səlahiyyətlərinə aiddirsə, amnistiya aktının qəbulu Milli Məclisin səlahiyyətinə aiddir. Əfv və amnistiya fərqli subyektlər tərəfindən qəbul olunduğundan və fərqli dairələri əhatə etdiyindən, onların eyni vaxtlarda qəbulu heç bir problem doğurmur. Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisin deputatı Siyavuş Novruzov tərəfindən təşəbbüs irəli sürülüb. Bu baxımdan parlamentin Cümhuriyyətin 100 illiyi ilə bağlı amnistiya aktı qəbul edəcəyini istisna etmirəm. Amma bu istiqamətdə hansı işlər görüldüyünə dair məlumatsızam. Ümumilikdə amnistiya aktının və əfv sərəncamının eyni vaxtda verilməsi yolveriləndir. Çünki bunlar bir-birini tamamlayan prosedurlardır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə